"Tramp ekstravaqant və özünəvurğun, Harris isə təcrübəsiz və axmaqdır..."
Medvedev Britaniyaya dəhşətli kataklizm vəd edib və Trampı danlayıb
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, Rusiyanın sabiq prezidenti və baş naziri Dmitri Medvedev yenidən Qərbin ünvanına təhqiramiz postla çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.
Bu dəfə onun qəzəbinin hədəfi Britaniya hakimiyyəti, o cümlədən bu ölkənin xarici işlər naziri Devid Lemmi olub. Lemmi yeni müdafiə yardımı paketini şərh edərkən Ukraynaya "daha yüz il də tam dəstək veriləcəyini" vəd edib.
"Üzdəniraq Ukrayna bu müddətin heç dörddə biri qədəri də tab gətirməyəcək", - Medvedev Rusiyada qadağan edilmiş "X" sosial şəbəkəsində yazıb.
Rusiyalı siyasətçi və məmur həmçinin iddia edib ki, "Britaniya adlanan ada, böyük ehtimalla, yaxın bir neçə ildə batacaq, bizim hipersəsli raketlərimiz isə lazım gəlsə buna kömək edəcək" və bu passajına istehzalı "gülüş" smayliki əlavə edib.
Bir neçə gün öncə özünün "Telegram-kanal"ında Medvedev amerikalı siyasətçi və milyardçı Donald Trampın namizədliyindən məyusluğunu ifadə edib. Amma o, həm də Kamala Harrisdən də narazıdır.
"Tramp nəticə etibarilə sistemli personajdır. Bəli, o, ekstravaqant, özünəvurğun tipdir, amma bu zaman o, həm də praqmatikdir. Tramp biznesmen kimi sanksiyaların dünyada dolların hakimliyinə zərər vurduğunu anlayır. Lakin bu, ABŞ-da inqilab törətməyə və istənilən Trampdan güclü olan Rusiya əleyhinə üzdəniraq "deep state" xəttinə qarşı çıxmaq üçün yetərli deyil.
Bəs Harris necə? Xüsusilə ondan heç bir sürpriz gözləməyə dəyməz. O, təcrübəsizdir və onun bədxahlarının iddia etdiyi kimi, sadəcə, axmaqdır. Onun üçün gözəl, mənasız nitqlər və onun gülüşə yoluxaraq telesuflyordan oxuyacağı cansıxıcı cavablar hazırlayacaqlar", - rusiyalı "müdafiəçi" yazıb.
Bununla əlaqədar olaraq Britaniyanın batacağını öncədən görən və qisas hissi ilə alışıb yanan Medvedev ABŞ-ın "yeni vətəndaş savaşı nəticəsində parçalanacağının qaçılmaz olduğunu" da proqnozlaşdırıb.