Ağdərə, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azad olunmuş ərazilərə qayıtmış əhali üçün növbəti səyyar müayinələr Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonunun Talış kəndində keçirilib.
İnstitutun baş həkimi Nurlana Əliyeva bildirib ki, aksiya çərçivəsində artroloq, nevroloq, fizioterapevt-reabilitoloq və tibb bacısından ibarət heyət tərəfindən əhaliyə tibbi baxış keçirilib, EMQ (elektromioqrafiya) və EEQ (elektroencefaloqrafiya) müayinələri aparılıb. Eyni zamanda, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Orta yaşlı əhalidə onurğa sinir, oynaq-dayaq əzələ, mədə-bağırsaq xəstəliklərinin, ümumi serebrovaskulyar xəstəliklərinin aşkar edilməsi, 3-16, 16-65 yaşlı insanlar arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb və müalicə təyinatı yazılıb. Bundan əlavə, nevroloqlar tərəfindən xəstələrdə elektromioqrafiya müayinələri, yəni sinir əzələ keçiriciliyinin aktivliyi və elektroensefaloqrafiya vasitəsilə başda əsasən epilepsik ocaqların yoxlanması müayinələri aparılıb.
Fizioterapevt və reabilitoloqlar tərəfindən isə xəstələrə sağlamlığın erkən əldə olunmasına kömək edən profilaktik tövsiyələr verilib. Aksiya zamanı 70-dən çox vətəndaş müayinələrdən keçirilib.
Aksiya zamanı əhalinin sağlamlığının qorunması üçün maarifləndirici söhbətlər də aparılıb.
İşğaldan azad olunan digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.