Bakıda müəmmalı hadisə baş verib. Gecə saatlarında paytaxtın mərkəzində yaşlı satıcıya qarşı kobud və alçaldıcı rəftar edən şəxs, hələ bir onu təhdid də edib.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonundakı köşklərdən birinin sahibi, həm də satıcısı olan şəxsə qarşı qeyri-etik davranış sərgilənib.
Belə ki, İnşaatçılar prospekti 147 ünvanında binanın arkasının altında fəaliyyət göstərən köşkün sahibi olan şəxs redaksiyamıza məsələ ilə bağlı şikayət edərək dünən gecə 3-ə işləmiş başına gələnləri danışıb və obyektin təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərlə əlaqədar məlumat verib.
Kimliyinin bəlli olmasını istəməyən şikayətçi deyir ki, gecə saatlarında telefonla xaricdə yaşayan qohumu ilə danışdığı vaxt ağ rəngli 10-VA-969 qeydiyyat nişanlı “Toyota Land Cruiser Prado” markalı avtomobil köşkün qarşısında saxladı.
“Bir az gözlədikdən sonra maşının qapısın ağır-ağır açıb düşdü və ləngərləyə-ləngərləyə köşkə yaxınlaşanda telefonla danışdığım tanışımla sağollaşdım ki, müştəri gəlir, sonra danışarıq. Müştəriyə yaxınlaşanda adamdan kəskin spirtin qoxusunu hiss elədim, onsuz da yerişindən də içkili olduğu məlum idi. Məndən əvvəlcə 4, daha sonra fikrini dəyişdirib 2 paket siqaret və 1 butulka su istədi. Siqaretləri əlimdə tutub su soyuducusuna tərəf irəliləyəndə məni əvvəlcə təhqir etdi, mən də “çox sağol” deyib içkili olduğu üçün çox da fikir vermədim. Sonra siqaretləri ona verdim və ödənişini istədim. Mənim üstümə hücum çəkdi, təhqir etməyə davam etdi, siqaretləri üstümə atıb dedi ki, onu bu ərazidə hamı tanıyır, maşın bəlli, nömrə bəlli, kimə istəsə şikayət edə bilər”.
Köşkün sahibi deyir ki, həmin şəxs özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək təhdid edib bir müddət yaxınlıqdakı göydələnin parkinqində gözlədikdən sonra ərazidən uzaqlaşıb. Şikayətçi məsələnin araşdırılması və lazımı tədbirlərin həyata keçirilməsi üçün polisə müraciət edəcəyini qeyd edib.
Obyektin təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri sizə təqdim edirik:
Səfər