RU

"Bu sənədlərin toplanması abituriyentlər və valideynlər üçün çətinlik törədir" - Ekspert

"Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil”.  Bu fikri Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə çıxışında ifadə edib.

Ali təhsil müəssisələri yeni qəbul olan tələbələrdən kağız formatda sənəd tələb etməsi nə dərəcədə doğrudur? Gəlin məsələyə aydınlıq gətirək.

Cənab nazirin qeyd etdiyi məsələyə diqqət yetirdikdə görürük ki, həqiqətən də, bizim ali təhsil müəsisələrinin bir çoxu kağız daşıyıcılar formatında çoxlu sənəd tələb edir. Universitetlərimizin qəbul olan tələbələrdən bir çox sənədin əsli ilə yanaşı kopyasını da tələb etməsi doğru deyilsə buna ilk öncə nazirlik köməklik göstərməli, portal üzərindən qeydiyyatdan keçdikdə tələb olunan sənədlərin elektron formada sistemə yüklənmıəsini təmin etməlidir. Bildiyiniz kimi, mövcud portal sistemində bu proses yoxdur və hazırda yeni qəbul olan tələbə sistemə heç bir sənədi yükləmir. Düşünürəm ki, belə bir dəstək nazirliyin portalinda olarsa, universitetlərin də artıq sənəd tələb etməsinə ehtiyac qalmaz.

Ümimi olaraq universitetlər tərəfindən tələb olunan bir çox sənəd gərəksizdir və qısa zaman içində bu sənədlərin toplanması valideynlər üçün əziyyətdən ibarətdir.  Məsələn yaşayış yeri haqqında arayış, sağlamlıq haqqında arayış attestatın notariat təsdiqi, məcburi köçkünlük vəsiqəsinin əsli ilə yanaşı notariat təsdiqi və s. Bu kimi sənədlərin toplanması abituriyentlər və valideynlər üçün çətinlik törədir. Təxmin edin ki, qəbul olan tələbələrdən sağlamlıq haqqında arayış tələb olunur. Bu qədər abituriyent və valideyn sağlamlıq mərkəzlərinin, poliklinikaların növbəsində əziyyət çəkir.  

Əgər universitetin bu sənədləri tələb etməməsi tövsiyə olunmursa o zaman nazirliyin qəbul olanların portal üzərindən elektron qeydiyyatı zamanı bu sənədlərin elektron formatda yuklənilməsi üçün yer ayrılmalıdır. Bu sənədlər elektron formada sistemə yukləndikdə artıq həmin universitetlər tərəfindən yalnız attestat tələb oluna bilər. Çünki digər sənədlər artıq elektron formatda sistemə əlavə olunub və bunu universitet rahatlıqla sistemdən əldə edə bilər. Amma universitetlər tələbələrin qeydiyyatı zamanı elə sənədlər tələb edir ki, insanın gülməyi gəlir. Məsələn: universitetə qəbul olduğuna dair DiM səhifəsində yerləşdirilən nəticənin kağız formatını, hərbi qeydiyyata aid möhlət hüququ tələb edən sənədi. Bunlar onsuz da sistemdə var, portal üzərində qeydiyyatdan keçən hər bir tələbənin məlumatları elektron formada sistemə əlavə edilib, həmçinin bu tələbəyə möhlət hüququ verilib ki, ixtisas seçimində iştirak edir. O cümlədən yaşayış yeri məlumatları da portalda qeyd olunub.

Düşünürəm ki, cənab nazirin fikrində həqiqət var. Amma ilk növbədə bu prosesə elə nazirliyin özü köməklik göstərməli, portal sistemində dəyişiklik edərək təkmilləşdirməlidir. Daha sonra universitetlərin lazımi sənədlərinin siyahısı qeyd olunmalı, yaxud da sadəcə attestat alınmalıdır.

Nazirliyin xidmətlərinin bir çoxunun elektronlaşmasını diqqətə alarıqsa, bu prosesdə lazimi addımlar atıldıqda universitet tərəfindən tələbədən sadəcə attestat və yaxud orta təhsil haqqında diplomun tələb olunması kifayətdir.

Ramin Nurəliyev,

Təhsil üzrə ekspert

Избранный
138
4
redaktor.az

5Источники