Yayımlandı: 12 Sentyabr 2024 17:44 Namizəd DSK-nın nəticələrinin ləğvini tələb edirdi Sentyabrın 12-də Mərkəzi Seçki Komissiyası (MSK) 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınmış REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərlinin şikayətinə baxıb. Bu barədə komissiyanın iclasında MSK üzvü Ramiz İbrahimov məlumat verib. O bildirib ki, Natiq Cəfərli dairə seçki komissiyasının ləğv edilməsini və dairə seçki komissiyası üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını istəyib. Ancaq Ramiz İbrahimov Natiq Cəfərlinin araşdırmaya gəlmədiyini əlavə edib: “Cəfərli tərəfindən təqdim edilən müraciətdə bülletenlərin seçki qutusuna atılmasını normal izləyə bilməmələri, protokolların imzalanmadan və möhür vurulmadan verilməsi, bülletenlərin sol küncünün əvvəlcədən kəsilmiş olduğu və başqa məsələləri göstərib”. “Müəyyən edilib ki, namizəd tərəfindən 40 seçki məntəqəsində pozuntu olduğu iddia edilsə də, 7 seçki məntəqəsi üzrə tərtib edilən aktlar şikayətə əlavə olunub. İddia edilən pozuntuların baş vermədiyi, müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərə lazımi şərait yaradıldığı müxtəlif partiyaların müşahidəçilərindən alınan izahatlarda öz əksini tapıb“, – deyə İbrahimov qeyd edib. Komissiya üzvü Ramiz İbrahimov Natiq Cəfərlinin 5 seçki məntəqəsindən 10 videogörüntü təqdim etdiyini deyib: “1, 24, 25 saylı seçki məntəqələrində səsvermə kabinələrindən 2 nəfərin çıxması müşahidə edilir. Araşdırma zamanı müəyyən edilib ki, onlardan biri səs verən digəri isə ona kömək edən şəxsdir və videoda da görünür ki, qutuya yalnız 1 bülleten atılıb. Aparılmış araşdırma ilə müəyyən edilir ki, dairə seçki komissiyası düzgün qərara gəlib və müraciət təmin edilməməlidir”. Müraciət səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb. Natiq Cəfərli Meydan TV-nin sorğusuna cavabında onun üçün gözlənilməz heç nə baş vermədiyini söyləyib: “Əslində, MSK-dan bu cür münasibət də gözləyirdim”. Natiq Cəfərli, Foto: Meydan TV Natiq Cəfərli Ramiz İbrahimovun araşdırmaya gəlmədiyi haqda dediklərini təsdiqləyib: “Bəli, mən araşdırmaya getməmişəm, amma pozuntuların əks olunduğu video-kadrları təqdim etmişəmsə, bunlar artıq faktdır. Bu gün isə MSK-nın iclasına qatıldım və Məzahir müəllimə mədəni şəkildə bir neçə sual versəm də, heç birinə cavab almadım. Sual etdim ki, 33 saylı Xətai Seşki dairəsində 40 saylı məntəqə var, cəzaçəkmə müəssisəsində yerləşir, təbii olaraq orada nə mən, nə qalib düzəltdikləri, nə də digər namizədlər təbliğat aparmayıb, görüş keçirməyib, amma qalib elan etdikləri namizəd 1001, yəni 99 faiz səs alıb. İkincisi, sual verdim ki, zindana haqlı-haqsız, günahlı-günahsız düşən hər kəs, ən azından hökumətdən, məhkəmədən, verilən qərardan narazı olur – bəs nə hikmətdir ki, cəzaçəkmə müəssisələrində həmişə hökumətin adamı 99 faiz səslə qalib olur?! Üçüncüsü, eyni məktəbdə 13 və 14 saylı məntəqələr var, 13 saylı məntəqədə mənim müşahidəçim olub, 14 saylı məntəqədə isə xəstələnərək yarımçıq gedib və nə hikmətdirsə, 13 saylı məntəqədə Zahid Oruc cəmi 7 səs alıb, amma eyni məktəbin eyni dəhlizində yerləşən 14-cü məntəqədə Zahid Oruca 920 səs yazıblar. Nəhayət, soruşdum ki, 33 saylı dairə üzrə seçici aktivliyi cəmi 20 faizə yaxın olduğu halda, necə oldu ki, müşahidəçimin yarı-yolda çıxarıldığı 36 saylı məntəqədə seçici aktivliyi, güya, 80 faiz olub?! Qonşu məntəqələrdə 15-20 faiz, 36-cı məntəqədə 80 faiz?!”. Natiq Cəfərli MSK sədrindən suallarına cavab almadığını bildirib: “Məzahir müəllimə mədəni şəkildə verdiyim suallara cavab ala bilmədim, MSK etirazımı rədd etdi”. 33 saylı Xətai I seçki dairəsindən Zahid Oruc qalib elan olunub. Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib. Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir. Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib. Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar. Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта