RU

Türkmənistana investisiya qoyuluşu bütün regionun inkişafına töhfə verəcək

Bu il sentyabrın 10 və 11-də Aşqabadda keçirilən iki günlük Türkmənistan investisiya forumu (TIF-2024) çərçivəsində ölkənin bir çox regional problemləri həll edə biləcək investisiya imkanları təqdim olunub.

"Report" xəbər verir ki, forum bir platformada dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrini, tanınmış ekspertləri və müvafiq sahələr üzrə liderləri bir araya gətirib. Onlar Türkmənistan iqtisadiyyatının inkişafı ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov videobağlantı vasitəsilə iştirakçılara müraciətində bu tədbirin ölkənin gələcək iqtisadi inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 

Həmçinin forum çərçivəsində Azərbaycanın “Caspian Logistics Solutions” və AZCHEMCO şirkətlərinin investisiya ideyaları və layihələri təqdim olunub. Forumda şirkətlər qrupundan spiker qismində holdinqin vitse-prezidenti Rifat Sultanzadə çıxış edib. “Türkmənistanın logistika və aqrokimya sektorlarında investisiya imkanları” adlı təqdimatda o, Türkmənistanın sənaye sahəsində əldə etdiyi uğurlara və region ölkələri ilə bağlanmış mühüm beynəlxalq sazişlərə diqqət çəkib.

“Qardaş Türkmənistanda sənaye kompleksinin sürətlə inkişaf etməsini nəzərə alaraq, həm Xəzər hövzəsində, həm də qlobal səviyyədə əməkdaşlığın və əməliyyatların inteqrasiyası perspektivləri göz qabağındadır. Ölkənin sərhədyanı dövlətləri ilə mehriban qonşuluq münasibətləri yeni istehsal güclərinin yaradılması və məhsulların dünya bazarında satışı, biznesin optimallaşdırılması və əməliyyatların səmərəliliyinin artırılması üçün mövcud imkanların daha da genişləndirilməsinə töhfə verir.

 

2022-ci ilin dekabrında Türkmənbaşıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən üçtərəfli görüşdə, habelə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə ticarət, enerji və nəqliyyat sahələrində üçtərəfli tərəfdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Türkmənistanla qonşu dövlətlər arasında mövcud müsbət münasibətləri nəzərə alaraq, Əfqanıstan və Pakistan, eləcə də Azərbaycanın nəqliyyat layihəsinə (Zəngəzur dəhlizi) qoşulmaqla İran ərazisindən keçən yeni marşrutların nəzərdən keçirilməsini təklif edirik. Təbii ki, İran üzərindən nəqliyyat marşrutundan istifadə etmək üçün OFAC-ın icazəsi tələb olunacaq. Amma bu marşrut layihənin üç iştirakçı ölkə tərəfindən öz aralarında və OFAC ilə razılaşdırılması ilə Orta Dəhliz ilə yük axınının yüngülləşdirilməsinə və sabitləşməsinə kömək edəcək”, - deyə R.Sultanzadə çıxışında qeyd edib.

Spikerin təqdimatı iki hissədən - logistika və aqrokimyadan ibarət olduğu üçün şirkətlər qrupunun ölkədə əməkdaşlığın genişləndirilməsi və biznesin qurulması ilə bağlı hədəfləri də səsləndirilib. AZCHEMCO şirkətini və onun Türkmənistanda inkişaf planlarını təqdim edən R.Sultanzadə birgə layihələrin həyata keçirilməsi üçün şirkətin filialının açılmasının əhəmiyyətini vurğulayıb.

"İndiki mərhələdə mən təqdimatımın ikinci hissəsinə - Türkmənistanın aqrokimya sektoruna investisiyalara keçmək istərdim. Çoxlarının bildiyi kimi, Türkmənistan karbamid istehsalı və ixracı üzrə regionda liderdir, həmçinin böyük həcmdə kalium və kükürd ehtiyatlarına malikdir. Şübhəsiz ki, bu amillər Prezident Serdar Berdiməhəmmədovun konstruktiv, uzaqgörən və müdrik siyasəti ilə birlikdə beynəlxalq şirkətlərdə ölkənin dövlət tenderlərində iştiraka və Türkmənistana sərmayə qoymağa maraq yaradır. AZCHEMCO Türkmənistanın mineral gübrə istehsalçıları ilə birlikdə ölkədə karbamid və kükürddən maye gübrə istehsalını təşkil edə, həmçinin dövlət və özəl sektorun yerli nümayəndələri ilə sinerji üçün şirkətin filialını aça bilər. Qardaş ölkədə yeni istehsala sərmayə qoymaqla şirkət gələcəkdə regionda satış məqsədilə Türkmənistan mənşəli karbamid, kükürd və sulfat turşusu əsasında maye azot gübrəsi istehsal etməyi planlaşdırır”, - şirkətlər qrupunun vitse-prezidenti bildirib.

Təqdimatın sonunda Türkmənistanın müstəqilliyinin 33-cü ildönümü və Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə spiker “Türkmənistanın gələcəyi” şerindən bir parça səsləndirib və “Azərbaycan-Türkmənistan dostluğu xalçası” hədiyyə edilib. Azərbaycanın və Türkmənistanın böyük şair və filosoflarının - Nizami Gəncəvi və Məqtimqulu Fəraqinin təsvirlərinin əks olunduğu xalça Azərbaycanın xalça istehsalçısı olan “Azərxalça” tərəfindən bir nüsxədə toxunub.

 

Избранный
60
38
sam.az

10Источники