RU

Türk ekspert: Bu gün Rusiya ilə ABŞ arasındakı mübarizədə “piyada” olan bir Ermənistan var

Türk

İstanbul, 12 sentyabr, Günel Karatepe, AZƏRTAC

Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi, ilk növbədə, Amerikadakı erməni lobbisinin “fəaliyyəti”nin nəticəsidir. Son vaxtlar Qərb ölkələrinin, xüsusilə Fransanın regionda Ermənistanı öz dayaqlarına çevirmək istəkləri, Paris tərəfindən İrəvana göstərilən hərbi və siyasi dəstək kimi ermənipərəst mövqe, bu ölkənin atdığı addımlar, bundan sonra isə Vaşinqtonun belə çıxışları baş nazir Nikol Paşinyanı tərəf olmağa vadar edir. Təbii ki, bu da Azərbaycan ilə Ermənistan və bununla əlaqədar Türkiyə-Ermənistan münasibətlərinə xələl gətirir. Burada erməni diasporunun Ermənistanı aqressiv və hədələyici mövqedə saxlamağa çalışmasını xüsusi vurğulamaq lazımdır. Bütün bunların diplomatik və masaarxası danışıqlara təsirsiz ötüşməyəcəyi də aşkardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Güngör Yavuzaslan söyləyib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırmasını şərh edən ekspert deyib: “ABŞ-ın hər il Ermənistana yardımlar göndərdiyi məlum məsələdir. Builki məbləğin artırılması isə müəmmalıdır. Lakin hazırda bölgədə vəziyyət dəyişib, Azərbaycanın Zəfəri və danışıqlar yolu ilə gedən bir proses var. Sərhədlərin müəyyənləşdirilməsi, Ermənistanın konstitusiyasında etməyə məcbur olduğu dəyişikliklər və müzakirə olunacaq bu kimi bir çox mövzu var. Görünən odur ki, ABŞ Qafqazda Ermənistanın təsirini qorumağa çalışır. Burada bölgənin mühüm aktorlarından olan Rusiyanı unutmaq olmaz. Bəhs etdiklərimiz və dünyada baş verənlər fonunda yaranan mənzərəyə baxdıqda bu gün Qafqazda Rusiya ilə ABŞ arasında daha təsirli olmaq uğrunda mübarizənin getdiyini görərik. Bu gərginlik fonunda “piyada” olan bir Ermənistan var”.

Bölgədə yaradılmağa çalışılan gərginlik haqqında mülahizələrini bölüşən şərhçi bütün bu hadisələrin fonunda regionda qazananın Türk amili olacağına əminliyini ifadə edib.

Избранный
49
2
azertag.az

1Источники