BDU-da Smart Agro Technology layihəsinin sonuncu təlimi keçirilib -Fotolar
aia.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Smart Agro Technology” layihəsinin üçüncü təlimi baş tutub. Layihə rəhbəri Sara Rəhimzadə iştirakçıları salamladıqdan sonra üçüncü təlim mərhələsinin mövzuları və görüləcək işlər haqqında qısa məlumat verdi, daha sonra söz tədbirdə iştirak edən BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevə verildi. Bəxtiyar Paşayev Azərbaycan Dövlətinin təhsil siyasəti, elmi tədqiqatla məşğul olan gənclərə yaradılan şərait barədə danışdı, Respublikamızın qarşısında duran vəzifələrin həllində gənclərin fəal iştirak etməli olduqlarını vurğuladı. O, təqdim olunan “Smart Agro Technology” layihəsinin müəllifi Sara Rəhimzadəni qazandığı uğur münasibəti ilə bird aha təbrik etdi və digər gənclərə ondan nümunə götürməyi, fəal olmağı tövsiyə etdi. Fizika fakültəsinin Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov layihə müəllifini və rəhbərini təbrik etdi, layihədə həll olunan problemin ölkəmiz üçün aktuallığını qeyd etdi, təlimdə iştirak edənlərə uğurlar arzuladı. Fizika fakültəsinin Nəzəri fizika kafedrasının dosenti Məcid Qocayev çıxış edərək bildirdi ki, ölkəmizdə gənslər siyasəti modeli uğurla həyata keçirilir. Cəmiyyətimiz bu siyasətin uğurlarından çox bəhrələnir. Ölkəmiz bir aqrar ölkəsidir və bu adı doğrultmaq üçün böyük işlər görülür. Gənclərin də bu sahədə xüsusi payı var. Xaricdə təhsil üzrə dövlət proqramında Aqrotexnologiya sahəsində ixtisaslara da geniş yer verilir. Yəni, gənclərimizin aqrotexnologiya sahəsində ölkəmizdə və xaricdə təhsil almaq, layihələrin təşkilində və həyata keçirilməsində iştirak etmək və bütün bunların fonunda aqrotexnologiya, xüsusilə smart aqrotexnologiya sahəsində bilik, bacarıq və təcrübə toplamaq imkanı yaranır. Azərbaycan Respublikasının Gənclər fondunun maliyyə dəstəyi və Bakı dövlət Universitetinin təşkilatçılığı ilə start götürmüş Smart Agro Technolgy layihəsində fizika fakültəsi əməkdaşlarının və tələbələrinin əsasən iştirakı bizim üçün həm bir qürur, həm də hər şeydən əvvəl bir məsuliyyətdir.
Ağıllı suvarma sisteminin ilkin prototipi üçün mərkəzi stansiyasının hazırlanması və gələcək perspektivlərin müzakirəsi haqqında bəhs edən təlimin üçüncü mərhələsi 2 saat ərzində layihənin təlimçisi Elşən Nəsirov tərəfindən həyata keçirildi. İştirakçıların zehni yorğunluğun aradan qaldırılması üçün təlimin ilk saatından sonra 15 dəqiqəlik çay fasiləsi elan olundu. Təlimçi iştirakçılara hazırda mövcud olan ağıllı suvarma sistemlərində mövcud olan çatışmazlıqların həlli metodları haqqında məlumat verdi. Sonra Elşən Nəsirov tərəfindən iştirakçıların bütün sualları cavablandırıldı və onlara praktiki tapşırıqlar verildi. Hər bir komanda onlara verilən tapşırıqları uğurla yerinə yetirdi. Təlim bitdikdən sonra layihə rəhbəri iştirakçılara növbəti mərhələ və görüləcək işlər haqqında məlumat verdi. Beləliklə, Smart Agro Technology layihəsinin sonuncu təlimi öz işini uğurla yekunlaşdırdı. Qeyd edək ki, Smart Agro Technology layihəsinin bağlanış mərasimi 13 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçiləcək.