RU

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bəs, yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Qiymətləndirmə göstərir ki, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq. Belə ki, müddət gözlənilmədən göndəriş (forma 88) alınmasına əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır. Bu qəraradək həmin siyahıda yalnız 5 xəstəlik var idi. Bu, o deməkdir ki, müddət gözlənilmədən göndəriş alınmasına əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhhətində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətədaşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək.

Belə ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu. Artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq. Müddət gözlənilmədən forma 88 rəsmilləşdiriləcək.

Digər bir mühüm məqam isə əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunmasıdır. Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi.

Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı bu sahədə əlçatanlığı artıracaq.

Başqa bir məsələyə nəzər salaq. Ölkəmizdə tətbiq edilən birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin verilməsidir. Bu müavinətin qanunla təsbiq edilməsinə baxmayaraq monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır.

Müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir. Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir.

Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni, həmin şəxslərə 1380 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan, amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşlarımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
1
ikisahil.az

2Источники