RU

Azərbaycanda kişi SIĞINACAQLARI

Sığınacaqlar zorakılıq, iqtisadi çətinliklər və digər problemlər səbəbilə təhlükə altında olan şəxslərin qorunmasını təmin edir. Azərbaycanda müxtəlif sığınacaqlar var. Onların sakinləri daha çox qadınlar və uşaqlardır. Maraqlıdır, sığınacaqlarda kişilərə də yer verilirmi?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) Modern.az-a bildirilib ki, zorakılığa məruz qalan və bununla əlaqədar quruma müraciət edənlər arasında kişilər də olur.

2024-cü ilin ilk 7 ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 339 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanlardan 25-i kişi, 303-ü qadın, 254-ü uşaq olub.

Komitədən bildirilib ki, hər bir rayon (şəhər) İcra hakimiyyətində məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi və sosial xarakterli  tədbirlərin aparılması məqsədilə monitorinq və əlaqələndirmə qrupları yaradılıb.

2021-ci ildən Dövlət Komitəsində Məişət zorakılığından əziyyət çəkənlər üçün sosial reablitasiya şöbəsi fəaliyyət göstərir. Şöbədə akkreditasiyadan keçmiş 8 qeyri-dövlət yardım mərkəzi var:
 

1. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi

2. Azərbaycan Uşaqları İctimai Birliyi

3. "Ümid Yeri Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi

4. Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi

5. "XXI Əsrin Qadınları” İctimai Birliyi

6. "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyi

7. "Qadın Təşəbbüsü Və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi

8. "Təmas" Regional İnkişaf İctimai Birliyi.


Qeyri-dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də akkreditasiyadan keçib. Onlardan 6-da sığınacaq xidməti göstərilir. Sığınacaq xidməti göstərən qurumlar aşağıdakılardır:
 

1. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi (Bakı)
2. Azərbaycan Uşaqları İctimai Birliyi (Bakı)
3. "Ümid Yeri Xeyriyyə Cəmiyyəti" (Bakı)
4. "XXI Əsrin Qadınları” İctimai Birliyi (Bakı)
5. "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyi (Bakı)
6. "Təmas" Regional İnkişaf İctimai Birliyi (Gəncə)

Dövlət Komitəsindən bildirilib ki, bu sığınacaqlarda qadın və uşaqlardan savayı, kişilərə də yer verilə bilər.

Gülarə Quliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
modern.az

1Источники