Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi zamanı bir sıra çətinliklər yaranıb.
Fins.az-ın məlumatına görə, Hesablama Palatasının büdcənin parametrlərinin təhlili ilə bağlı yaydığı hesabatda bu məsələlərə toxunulub.
Sənədə əsasən, yeni qanunvericiliyin tətbiqi zamanı aşağıdakı problemlər müşahidə olunub: informasiya sistemlərinin inteqrasiyasının ilin əvvəlində tamamlanmaması, qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin uzunluğu, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi. Bu çətinliklər satınalma prosedurlarının həyata keçirilməsində və müqavilələrin bağlanılmasında gecikmələrə səbəb olub, bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin sayında və məbləğində əhəmiyyətli artımla nəticələnib.
Belə ki, müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumata görə, bu ilin I yarısında bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 941,8 milyon manat artıb, müqavilələrin sayı isə 1 457 ədəd artıb.
Fuad Mədətov
Fins.az