RU

Cavanşir Feyziyev: “İnsan yaradılışının məramını anlayanda ilahi firavanlığa yüksəlir…”

“Bütün dünyada intihara qarşı mübarizə günü” ilə əlaqədar Ankara Sosial Elmlər Universitetinin dosenti, İnsan hüquqları və sosial psixologiya üzrə mütəxəssis Emete Gözügüzelli müxtəlif yaş, təhsil və peşə qruplarına mənsub olan insanlar arasında sorğu keçirmişdir.
Doç.dr. E.Gözügüzelli mövzuya yanaşmasında maraqlı mövqe sərgiləyən Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin fikirlərini mətbuata təqdim edir:
Bu günlərdə bir Koreya film şirkətinin çəkdiyi “Squed game” adlı filmlə qarşılaşdım. Sadəcə bir neçə dəqiqəsini izlədiyim filmin pessimist ab-havasını, qaramsar ruhunu günlərlə fikrimdən çıxara bilmədim. Mənəvi dəyərləri itən dünyada insanlar sanki intihar etmək işində bir-biriylə yarışa giriblər. Öncə düşündüm ki, bəlkə insanlığı buna sürükləyən səbəb maddi həyatla bağlı yaşadıqları sıxıntılardır. Amma müşahidələrim və statistikaya nəzərən gəldiyim qənaət bu oldu ki, intihar oranına görə ilk başda dayanan Skandinaviya ölkələridir ki, həmin ölkələr əhalisinin maddi rifah səviyyəsinə görə ön sıralardadır. Demək ki, insanlığı intihara aparan şey gün-güzəran məsələsi deyil. Sanki yaradılışın məramını, həyatın anlamını, yaşamın fəlsəfəsini başa düşməyən kəslərin fonunda intiharlar kütləvi hal alır.

Əslində, yaşam o zaman anlam qazanır ki, həyatın bütün çətinliklərinə, sınaqlarına əzmkarlıqla sinə gərib mücadilə edəsən.

Yunus Əmrə demişkən, “Varlığa yerinmədən, yoxluğa darınmadan…” həyatı yaşamağı bacarmaq lazımdır. Əslində, İnsanoğlu yaradılışının məramını anlayanda, sahib olduğu dəyərlərə görə şükür məqamına yüksələndə ilahi firavanlıq qazanır.

Tanrının insana bəxş etdiyi bütün hissi və hərəki orqanlar, görmə üzvlərindən tutmuş dad bilmə duyğusuna qədər bütün yaradılışımız ilahi mükafatdır. Bu düşüncələrin əhatəsində bədii ədəbiyyatımızda bəzi simvollaşmış obrazları misal çəkmək istərəm: Kor Ərəb, Kor Bektaş… Qəribə burasıdır ki, bu obrazlar gözləri görməsə də, həyatı görə bilənlərdən daha gözəl idrak edirlər. Çünki gözü olmaq və baxa bilmək hələ görməyi bacarmaq demək deyildir. Necə ki, başın varlığı idrak etmək anlamına gəlmir. Görməyi və gördüyünü dərk etməyi başarmaq da ilahinin bir fitrətidir ki, sadəcə gözlə olmur…

Tarixə nəzər salsaq, oğlu Yusifin həsrətiylə gözünün işığını itirsə də ümidini heç zaman itirməyən Yaqub peyğəmbərin nurani obrazı ilə qarşılaşırıq… “Dədə Qorqud”da Beyrəyin yolunu gözləyən kor atasını, “Koroğlu”nun gözləri kor edilən atası Alı kişini, “İliada” və “Odisseya” kimi əsərləri ilə yunan ədəbiyyatını taclandıran kor Homeri, “Korlar” əsərini yazan Moris Meterlinki, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında qardaşı Şər tərəfindən gözləri kor edilən Xeyiri, Hüseyn Cavidin “Azər” poemasında Kor Neyzəni, “Uzun incə bir yoldayım”deyən Aşıq Veysəli xatırlayırsınızmı?!

Bu insanların heç biri görmürdü. Əslində, həyat onlar üçün daha dözülməz olmalı idi. Fəqət o “korlar”ın hamısını həyata bağlayan işıqlı bir ümid – zəngin mənəviyyata sahib olmaqları, sonunun gözəl olacağına inanaraq yaşadıqları bütün fiziki əzabları şərbət kimi içmələri idi… Yaşama dair bu əzmkarlığı və ümidi insanda yaradan hər kəsin öz daxili dünyasında formalaşdırdığı mənəviyyatdır.

Bu gün dörd bir yanımızı saran bu intiharların bir səbəbi də insanlığın kitabdan, ədəbiyyatdan, geniş mənada məvəvi aləmdən qopuşu və virtual mühitin təsirinə qapanmalarıdır.

Ölüm haqdır, ölüm insanın mütləq Həqiqətə – Tanrıya qovuşuq anıdır. Amma bu, insanın iradəsi ilə deyil, Tanrının bərqərar etdiyi zamanla olanda daha məqbuldur.

Избранный
46
2
turkustan.az

3Источники