RU

Paşinyanın "yarımçıq sülh" istəyi

“Ermənistan sülh prosesini uzatmaq və növbəti savaşa hazırlaşmaq üçün manipulyasiya ilə məşğul olur”. 

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişi ilə bağlı növbəti çıxışını şərh edərkən bildirib. O qeyd edib ki, Nikol Paşinyan ikibaşlı və hiyləgər siyasi oyun oynamağa çalışır: 

“Paşinyan bəyan edir ki, sülh sazişi razılaşdırılmış preambula və 13 maddə üzərindən imzalansın, razılaşdırılmamış dörd maddə isə saziş imzalandıqdan sonra müzakirə olunsun. 

Hər kəsə məlumdur ki, razılaşdırılmamış maddələr üzrə orta mövqeyə gəlmədən sülh sazişi imzalanarsa, bu, yarımçıq sənəd anlamına gələcək. Azərbaycan isə heç vaxt yarımçıq sülh sazişinə imza atmaz. Artıq Azərbaycan XİN rəhbərliyi bununla bağlı konkret və prinsipal mövqeyini ifadə edib. Paşinyanın özü də yaxşı bilir ki, Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq. Çünki Azərbaycan dövlətlərarası sazişlərin və müqavilələrin beynəlxalq hüququn normalarına əsasən imzalanmasının tərəfdarıdır. Rəsmi Bakı bu kimi məsələlərə çox həssas yanaşır”. 

Siyasi şərhçinin sözlərinə görə, N. Paşinyan bu məsələdə bir neçə məqsəd güdür:

“Paşinyanın birinci məqsədi budur ki, beynəlxalq ictimaiyyətə Azərbaycanı sülhdən yayınan, Ermənistanı isə sülhpərvər və sülh sazişinə imza atmağa hazır olan tərəf kimi nümayiş etdirsin. 

Digər məqsəd isə sülh prosesini uzatmaqla Ermənistanı növbəti savaşa hazırlamaqdır. Heç şübhə yoxdur ki, Ermənistan Qərb tərəfindən sürətlə silahlandırılır. Bir məqamı da vurğulayım ki, Nikol Paşinyan sülh sazişi ilə bağlı məsələni daha tez bitirmək niyyətindədir. 

Ona görə ki, 2026-ci ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Paşinyan hesab edir ki, nəyin bahasına olursa olsun onun partiyası bu seçkilərdə qalib gəlməlidir. Paşinyan hesablayıb ki, əgər Azərbaycanla sülh sazişi seçkilər ərəfəsində imzalanarsa, bu, Ermənistanda ciddi etiraz dalğasının baş qaldırmasına və erməni xalqının səslərinin itirməsinə səbəb ola bilər. Paşinyan onu da düşünür ki, Cənubi Qafqazda hazırkı geosiyasi vəziyyət nə zamansa Ermənistanın xeyrinə dəyişə, Ermənistanın revanşist planlarının həyata keçməsi üçün münasib şərait yarana bilər”. 

E. Xalidbəyli vurğulayıb ki, sülh sazişi imzalanmamışdan öncə Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir: 

“Əsas şərtlərdən biri budur ki, sülh sazişinin imzalanmasından əvvəl Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar çıxarılsın. Bu müddəalar aradan qaldırılmadan Azərbaycan Ermənistanla sülh sazişini imzalamayacaq.

Amma görünən odur ki, Paşinyan Azərbaycanın bu şərtini yerinə yetirmək istəmir. Paşinyan hakimiyyətinin təmsilçiləri bəyan edirlər ki, İrəvan konstitusiya dəyişikliklərinə 2027-ci ildə baxmaq niyyətindədir. Bu da onu göstərir ki, sülh sazişinin 2027-ci ilə qədər imzalanması qeyri-müəyyən olaraq qalır. Ermənistan bir tərəfdən sülhün zəruriliyindən danışır, digər tərəfdən isə sürətlə silahlanaraq savaşa hazırlaşır”. 

Избранный
235
50
cebheinfo.az

10Источники