"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Teo Klerkə qarşı guya ayrı-seçkilik edilərək onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanatı, özünü “hüquqi dövlət” adlandıran Fransanın bununla Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur". Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
XİN bildirir ki, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşına, həmçinin digər şəxslərlə bağlı verilən hökm məhkəmənin səlahiyyətindədir və Fransa tərəfinin bu qərarı sual altına almağa ixtiyarı yoxdur.
"İstintaqın və məhkəmənin gəldiyi qənaətə görə, Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlığı və fəallığı ilə seçilib", Azərbaycan XİN belə hesab edir.
Şərhdə həmçinin iddia olunur ki, "bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı Teo Klerkin məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmamasını onun digər iki şəxslə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillər kimi sadalamaq mümkündür"
Daha sonra mətbuat katibi Ayxan Hacızadənin şəxsində Azərbaycan XİN Fransanı "beynəlxalq hüquq pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması" kimi fəaliyyətlərdə ittiham edib.
* Senrtyabrın 10-da Bakının Nərimanov Rayon Məhkəməsi Bakı metrosunun vaqonlarında qraffiti çəkən üç əcnəbi - Fransa vətəndaşı Klerk Teo Hüqo (Clerc Theo Hugo), Yeni Zelandiya vətəndaşı De-Senta Kventina İsmael (De-Saint Quentin İsmael) və Avstraliya vətəndaşı Han Paul barəsində hökm çıxarıb.
Fransa vətəndaşı 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Digər iki nəfər 6800 manat (təxminən 3500 dollar) cərimə olunub.