Rusiya Kurskda əks-hücum hərəkətlərinə başlayaraq, 10 yaşayış məntəqəsini geri alıb. Bunu Volodimir Zelenski də açıqlamasında təsdiqləyib. Rusiya Kurskdan Ukraynaya doğru irəliləyə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov qeyd etdi ki, Ukrayna Kurskda güclənə bilsə, müharibənin seyri dəyişə bilər:
"Yəni nəzərə almaq lazımdır ki, Rusiya Ukraynanın Kurskda yaratdığı vəziyyətlə barışacaq deyildi. Əslində Ukrayna hazırda Kurska hücum etməklə Suca ətrafındakı əraziləri tutmaqla müharibənin seyrini dəyişirdi. Yəni Ukrayna istəyirdi ki, bundan sonra Rusiyanın ələ keçirdiyi ərazilərin qaytarılması və Ukraynanın geridə qalan ərazilərinin müdafiəsi uğrunda müharibə davam etsin. Rusiya qarşısında əlini gücləndirmək üçün onun özü də Rusiya ərazilərinin içərilərinə doğru irəliləsin və nəhayətdə də buna görə Kursk ətrafındakı əməliyyat prosesi baş verdi".
Politoloqun sözlərinə görə, Rusiya Kurskdan Ukraynaya yeni cəbhə aça bilər.
"Amma istənilən halda, əlbəttə ki, Rusiyanın son dövrlərdəki sakit mövqeyi, eyni zamanda Ukraynanın Kursk əməliyyatına münasibətdə daha ifrat radikal addımlar atacağı gözlənilən idi. Rusiyanın müəyyən qədər daha sakit və bir qədər də hətta kobud səslənsə də, seyirçi mövqedən prosesi dəyərləndirməsi, artıq onu söyləməyimizə əsas verirdi ki, Rusiya yəqin ki, Kurskda əks hücum əməliyyatları həyata keçirəcək və nəticədə də Kurskun Ukrayna tərəfindən tutulmağı faktoru ilə barışmayacaq. Əslində bu gün baş verən hadisələr də bizim dediyimiz siyasətin məntiqi davamı qismində özünü göstərir. Rusiya əks hücum əməliyyatları həyata keçirərək, orada Ukraynanın yaratmağa çalışdığı yeni reallıq prosesini aradan qaldırmağa cəhdlər edir. Rusiya Kurskdan tam Ukrayna ordusunu təmizlədikdən sonra o cəbhədən yeni bir istiqamət aça bilər. Amma bunun üçün Rusiyaya da müəyyən qədər vaxt lazımdır", - deyə Tural İsmayılov vurğuladı.
Türkan İSGƏNDƏRLİ