RU

Şuşada məktəb direktoru: Məktəbimizdəki müəllimlərin hamısı təcrübəlidir

Sentyabrın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) Şuşa şəhər 1 nömrəli tam orta məktəbin kitabxanasına şagird və müəllimlərin istifadəsi üçün müxtəlif nəşrlərini təqdim edib. 

AzEdu.az xəbər verir ki, nəşrlər sırasına DİM-in Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri daxildir.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi işğaldan azad olunmuş bölgələrdə yerləşən, o cümlədən yeni istifadəyə verilən təhsil müəssisələrində Mərkəzin nəşrlərinin əlçatanlığını təmin etmək məqsədilə öz elmi-metodik vəsaitlərinin məktəblərə təqdim olunması layihəsini davam etdirir.

Qeyd olunan layihə çərçivəsində bu gün digər bölgələrə də DİM-in nəşrləri təqdim ediləcək. 
Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər. Qeyd edək ki, bu vəsaitlər ümumtəhsil məktəbləri üçün qüvvədə olan fənlər üzrə tədris proqramları və dərsliklər əsasında hazırlanmış DİM-in qəbul proqramlarına tam uyğundur. 

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərindən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilə, eləcə də həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər. Test toplularına isə DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Bununla yanaşı, tapşırıqların xeyli hissəsi heç bir imtahanda istifadə olunmayan suallardır. Test topluları şagirdlər, abituriyentlər və müəllimlər üçün dəyərli örnəkdir. 


Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova AzEdu.az-a müsahibəsində bildirib ki, məktəbimiz 960 şagird yerlik, üç mərtəbə, beş blokdan ibarətdir. 

"Məktəbin binasında hər biri 24 nəfərlik olan sinif otaqları yerləşir. Burada iki informatika kabineti, akt zalı da var. Məktəbin həyətində idman meydançası var. Yeni tədris ilində müvafiq tədris planına uyğun olaraq dərs cədvəlləri hazırlanıb. Valideyn iclası keçirilərək onlara təqdim olunub. 

Biz Dövlət İmtahan Mərkəzinə öz təşəkkürümüzü bildiririk. Çünki bu nəşrlər həm müəllimlərimizə metodiki dəstəkdir, həm də şagirdlərimizin repetitor yanına getmədən ali təhsil müəssisələrinə qəbul olması üçün bir dəstəkdir. Bizim DİM-lə mütəmadi əməkdaşlıq quracağıq.

Bundan əlavə, pedaqoji iclasın qərarına əsasən məktəbli geyim formaları da təyin olunub. Sentyabrın 16-da yeni və müasir infrastruktura malik məktəb binasında 100-dən çox şagirdimizin təhsilə başlayacağı gözlənilir.

Onu da qeyd edim ki, məktəbdə yeni fəaliyyətə başlayan müəllimlər yoxdur. Çünki bizim müəllimlərimiz Şuşa sakinlərindən ibarətdir. Onlar başqa bir məktəbdən yerdəyişmə edərək gəlirlər. Bu səbəbdən ilk dəfə burada müəllimlik fəaliyyətinə başlayanlar olmayacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
50
azedu.az

10Источники