RU

"İlin gənc müəllimi": Bu yorğun şəhərin dili olsaydı bizlərə nələr söyləyərdi kim bilir...

Ötən gün “Azərbaycan müəllimi” ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2023" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. 

Ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar toplaşaraq Şuşaya- Mədəniyyət paytaxtımıza yola düşüblər. “İlin gənc müəllimləri” burada Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə diplomla təltif olunublar.

Qax rayonu Qaratala kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Hüseynova Şuşa təəssüratlarını AzEdu.az-a bölüşüb:

Köksündə hər qayası tarixləşib tunc olan
Yenilməz abidəmdir yerdən göyə ucalan,
Yaşı yüzü ötsə də, yoxdur burda qocalan.
İnsan ömrü çətin ki, köç eylər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda. (Hikmət Ziya)

"Köksündə hər qayası tarixləşib tunc olan Qarabağımıza səyahətimiz ömrümüzə unudulmaz bir gün bəxş etdi. Gözəl şairimiz Hikmət Ziyanın "Qarabağda" şeirini həmişə sevərək oxuyurdum, indi gənc müəllim kimi Qarabağa səyahətimdə bu şeiri yaşadım. Qarabağı heç vaxt görməmişdim. Həmişə Qarabağa aid şeirləri, əsərləri kədərlə, həsrətlə tədris edirdim... 

"İntiqam" əsərində Xəzangülün,"Qanlı bənövşələr" hekayəsində Zərifin taleyi şagirdlərimi o qədər sarsıdırdı ki... Şagirdlərimə bir gün o torpaqlara mütləq qalib kimi gedəcəyimizə, tökülən qanların qisasının alınacağına inandırırdım. Əmin idim ki, damarlarında Koroğlu, Tomris, Babək, Cavanşir, Xətai qanı daşıyan Azərbaycan oğulları,qızları bu ayrılığa çox dözə bilməz! 

Həmvətənlərimizin bu vəhşiliklərə məruz qalması, torpaqlarımızın işğal altında olması bizim ürəyimizi ikiyə ayırırdı...Ürəyimizin yarısı Qarabağda qalmışdı...

Amma o günlər artıq geridə qaldı. Ali baş komandanımızın rəhbərliyi, qazilərimizin şücaəti, şəhidlərimizin qanı ilə Qarabağımız alındı. Biz, "İlin Gənc Müəllimi” kimi Qarabağımıza tərəf qürurla, sevinclə yollandıq. Qürur, kədər, sevinc duyğularının hamısı eyni anda baş verdi. Üzeyirin nəfəsi, Vaqifin türbəsi, Natəvanın, Zakirin izi, Bülbülün səsi olan, incilərin yetişdiyi Qarabağa səyahət gənc müəllim kimi məni həyəcanlandırmaya bilərdimi? 

Ədəbiyyatımızda şah əsərlərin yazıldığı Qarabağ mirvarisi Şuşada təqdimat mərasimimizin olması məni heç vaxt xəyal edə bilməyəcəyim bir mərtəbəyə yüksəltdi. Gənc müəllim kimi bu uğuru qazanmağı sözlərlə ifadə edə bilmərəm. Həsrətlə sadəcə şəkillərinə baxdığımız, kitablardan oxuduğumuz torpaqlara, babalarımızın at oynatdıqları yurd yerlərinə ayaq basmaq, əlbəttə, məni qarışıq duyğulara qərq etdi. Xocalıdan keçərkən çox kövrəldim, bu yorğun şəhərin dili olsaydı biz gənc müəllimlərə nələr söyləyərdi kim bilir?

Bayrağımızın Xankəndində, Şuşada qürurla dalğalanması, aparılan abadlıq işləri Qarabağımızın parlaq gələcəyindən xəbər verir. Qalib ölkənin qalib gənc müəllimi kimi şəhidlərimizin ruhu qarşısında baş əyirəm!"

 
Şəhidlər axıdan qan bizim qandır
Qarabağ vətəndi, Azərbaycandır!!

Избранный
69
azedu.az

1Источники