RU

Formula-1 bu şəhərlərimizdə də keçirilə bilər - Rəsmi

2017-ci ildən ölkəmizdə keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq paxtaxt yollarında tıxac daha da artıb, bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlərin qoyulması Bakını iflic vəziyyətinə gətirib. Formula-1 yarışları 3 gün - 13-15 sentyabr tarixlərində keçirilsə də, hazırlıq prosesi ilə əlaqədar olaraq qoyulan məhdudiyyətlər təqribən 20 gün davam edir. Bu isə Qran-prinin daha az əhali sıxlığı olan şəhərlərimizdə keçirilməsi təklifini yenidən aktuallaşdırıb.

Mövzu ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Formula-1 üzrə Azərbaycan Qran-prisinin mətbuat xidmətindən bildirilib ki, Formula-1 yarışlarının keçirilməsi üçün müəyyən infrastruktur və tələblər mövcuddur.

"Bakı bu mənada optimal seçimdir. Çünki həm şəhərin mərkəzi yolları, həm də sahil boyu marşrut beynəlxalq standartlara uyğunlaşdırılıb. Yarışların keçirilməsi üçün də idealdır. Əlbəttə, Azərbaycanın başqa gözəl şəhərləri də var – məsələn, Şəki, Qəbələ və ya Gəncə. Ancaq Formula-1 kimi dünya səviyyəli tədbirlərin keçirilməsi üçün həmin şəhərlərdə də eyni səviyyədə infrastrukturun qurulması lazımdır. Yolların yenidən layihələndirilməsi, xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi və irimiqyaslı tamaşaçı kütləsi üçün lazımi şəraitin yaradılması çox ciddi investisiyalar tələb edir. Hazırda Bakı həm möhtəşəm mənzərəsi, həm də mərkəzi yollarının uyğunluğu ilə bu yarışların keçirilməsi üçün ideal məkandır", - deyə qeyd edilib.

Qurumdan Formula-1 yarışlarının daha 3 il uzadıldığı xatırladılaraq, Bakının bu tədbirə 2026-cı ilə kimi ev sahibliyi edəcəyi bildirilib:

“Yarışlar zamanı tıxaclar və məhdudiyyətlər olur, lakin bu məhdudiyyətlər yalnız qısa müddət üçün tətbiq olunur. Bakı Şəhər Halqası şəhər treki olduğuna görə artıq 2 ildir ki, yarış həftəsində tıxacları minimuma endirmək məqsədilə günün müəyyən saatlarında trekin əhatə etdiyi bəzi yollar nəqliyyatın hərəkətinə açıq olur. Qeyd etmək istərdik ki, bu təcrübə dünyada nadir şəhər treklərində tətbiq olunur".

O da vurğulanıb ki, hər nə qədər qoyulan məhdudiyyətlər müvəqqəti narazılıq yaratsa da, Formula-1-in ölkəmizə gətirdiyi iqtisadi faydalar əhəmiyyətlidir:

“Formula-1 kimi beynəlxalq tədbirlər ölkəmizin turizm potensialının artmasına, iqtisadi inkişafına və qlobal səviyyədə tanınmasına böyük töhfə verir. Bundan əlavə, Formula-1 yayım vasitəsilə dünya miqyasında milyonlarla insanın diqqətini Azərbaycana cəlb edir, bu da ölkənin beynəlxalq imicini gücləndirir".

Избранный
30
6
axar.az

7Источники