Sosial şəbəkələrdə azyaşlının valideyni tərəfindən zərərli vərdişlərə cəlb olunmasını əks etdirən görüntülər yayılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, məsələ dərhal nəzarətə götürülərək aidiyyəti qurumlarla birgə araşdırma aparılıb:
"Nəticədə Abşeron rayon sakini olan valideynlər rayon icra hakimiyyətinə dəvət olunublar. Fotoda uşağın dayısı tərəfindən ötən il ailə məclislərinin birində zarafat məqsədli çəkilərək paylaşdığını iddia edən valideynlərlə profilaktik söhbət aparılıb, qanunvericiliyə müvafiq olaraq valideyn öhdəliyi, vəzifə və məsuliyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Bununla yanaşı, valideynlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilə bilər".
Məsələ ilə bağlı Musavat.com-a danışan vəkil Sadiq Əfəndiyev deyib ki, bəzi valideynlər bəzən nəticəsini fikirləşmədən zarafatyana, bəzən də gülüş doğuran bir mənzərə yaratmaq üçün azyaşlı uşaqlarının ağzına siqaret qoyur, əllərinə araq qədəhi verib içməyini təklif edirlər. Bu zaman onlar yüngül bir əyləncə xatirinə uşağın tərbiyəsinə hansı dərəcədə ziyan vurduqlarının fərqində olmurlar:
"Bu cür hərəkətlərin foto və videosu sosial şəbəkələrdə paylaşılıdğı halda isə əməlin ictimai təhlükəliliyi daha artır. Çünki danılmaz bir faktdır ki, bu gün böyüklərlə yanaşı, hətta hərf tanımayan azyaşlılar da sosial şəbəkələrdən istifadə edir, orada paylaşılan və onlar üçün maraq doğuran video və şəkillərə baxırlar. Baxdıqdan sonra isə bəzən həmin hərəkətləri təqlid edirlər. Belə olduqda bu cür arzuolunmaz hərəkətlər onların da tərbiyəsinə mənfi yöndən təsir etmiş olur.
Ailə qanunvericiliyində uşaqları tərbiyə etmək validenlərin həm hüququ, həm də borcu kimi qeyd edilir. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Əks təqdirdə, uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Bu məsluliyyət tədbirlərindən biri uşağın mənafeyinə ziyan vuran, valideynlik vəzifələrini yerinə yetirməyən valideynin mülki məhkəmə icraatı qaydasında valideynlik hüquqlarından məhrum edilməsidir. Valideynlik hüquqlarından məhrumetmə ilə bağlı valideynlərdən (onları əvəz edən şəxslərdən) biri, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, prokuror, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqan və ya müəssisələr məhkəməyə müraciət edə bilərlər".
Vəkilin sözlərinə görə, valideynlik vəzifələrinin yerinə yetirilməməsi eyni zamanda qanunvericilikdə inzibati xəta kimi nəzərdə tutulub:
"Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə onlar xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
Ağırlaşdırıcı hallarda – valideynlik vəzifələrinin yerinə yetirilməməsi yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda altmış manatdan yüz manatadək, yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda valideynlər və ya onları əvəz edən şəxslər altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Hesab edirəm ki, valideynlik vəzifələrinin yerinə yetirilməməsi, habelə uşağın mənafeyinə ziyan vuran hərəkətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla istinad etdiyimiz maddənin mətninin reallığa uyğun olaraq təkmilləşdirilməsinə ehtiyac var. Hər şeydən əvvəl maddənin mətnində valideynlik vəzifələrinin yerinə yetirilməməsinin səbəb olduğu mənfi nəticələrin (yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsi və ya avaralıqla məşğul olması) siyahısına "tütün çəkməsi" kimi nəticə də əlavə edilməlidir. Çünki tütünün insan sağlamlığına vurduğu ziyan heç də spirtli içkinin ziyanından az deyil.
Bundan başqa, uşağın tərbiyəsinə və mənafeyinə ziyan vuran hərəkətlərin sosial şəbəkədə paylaşılmasının daha çox ictimai təhlükəliliyinin olmasını, daha çox mənafelərə qəsd etməsini nəzərə alaraq həmin əməlin ayrıca tövsifedici ağırlaşdırıcı hal kimi maddənin mətnində nəzərdə tutulması daha məqəsədə müvafiqdir.
Göründüyü kimi, istinad etdiyimiz maddənin sanksiyasında cərimə qismində 40-60 manat, ən çoxu 100 manat kimi yüngül inzibati tənbehlər müəyyən edilib. Maddənin çəkindiricilik təsirinin artırılması üçün hesab edirəm ki, maddənin sanksiyasının da sərtləşdirilməsinə ehtiyac var".