Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində təşkil olunan “Tarixi binalarda muzeylər” adlı sessiyada Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəni əlaqələrin və elmi tədqiqatların inkişafında mühüm addım kimi qiymətləndirilən memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və Dövlət Ermitajının elmi işlər üzrə baş direktor müavini Georgi Vilinbaxov imzalayıblar. Memorandum muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində birgə əməkdaşlığı, Ermitajın AMİM-in Qərbi Avropa incəsənətinə aid eksponatlarının atribusiyasına yardım göstərməsini, bərpa məsələləri üzrə məsləhətləşmələri, mütəxəssislərin təcrübə mübadiləsini, eləcə də Azərbaycanda “Ermitaj günləri”nin keçirilməsi və digər məsələləri nəzərdə tutur.
Beynəlxalq tədbir çərçivəsində, həmçinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rəssamlıq Akademiyası Muzeyi (Sankt-Peterburq) ilə də qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Memorandumların məqsədi muzeylər arasında qarşılıqlı əlaqəni genişləndirmək, bərpa, arxeoloji tədqiqatlar və muzey işi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd edilən tərəfdaşlıqlar incəsənət əsərlərinin tədqiqi və nümayişi üçün yeni imkanlar açacaq, həmçinin geniş auditoriyanın muzeylərin unikal kolleksiyalarına əlçatanlığını təmin edəcək.
Qeyd edək ki, Şirin Məlikova beynəlxalq forumun “Tarixi binalarda muzeylər” adlı sessiyasında çıxış edib. O bildirib ki, tarixi binalarda yerləşən muzeylər mədəni irsin qorunmasında mühüm rol oynayır. Bu cür unikal məkanlar yalnız eksponatların saxlanıldığı yerlər deyil, eyni zamanda memarlıq abidəsi kimi ziyarətçilərə təkrarolunmaz təəssürat oyadırlar.