Yaxın vaxtlarda BOKT-lərin xidmət çeşidinin artırılmasını dəstəkləyən qaydaların təsdiqi gözlənilir. Bu barədə “vergiler.az”a Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva məlumat verib.
Onun sözlərinə görə, işçi qaydada BOKT-lərə dair müxtəlif qaydalarla bağlı rəy və təkliflər müzakirə olunur. “AMFA mütəmadi olaraq BOKT bazarının inkişafı istiqamətində görüşlərdə iştirak edir və təkliflər təqdim edir. Xidmət çeşidinin artırılmasına nail olmaq üçün yeni qaydaların təsdiqi gözlənilir”.
Xatırladaq ki, 2024-cü ilin birinci yarısında BOKT sektorunun (Aqrarkredit BOKT istisna olmaqla) cəmi aktivləri ötən ilin eyni dövrünə nisbətən 39 faiz və ya 240 milyon manat artaraq 854 milyon manat təşkil edib. Müvafiq dövr ərzində BOKT-lərin cəmi öhdəlikləri və kapitalı müvafiq olaraq 33 faiz və 47 faiz artıb. J.Hacıyeva artımın əsasən istiqrazların buraxılması hesabına mümkün olduğunu bildirib. Əlavə edib ki, xüsusilə regionlarda BOKT kreditlərinə tələbat böyükdür və bu səbəbdən BOKT-lər daima yeni investorlar və fondların axtarışındadır.
BOKT-lərin inkişafına AMFA-nın verə biləcəyi töhfəyə gəlincə, J.Hacıyeva qeyd edib ki, AMFA BOKT sektorunun inkişafını dəstəkləyən təklifləri təqdim etməklə lobbiçilik və ictimai vəkillik xidmətini göstərir:
“BOKT-lərin institusional inkişafını dəstəkləyən təlim proqramlarını həyata keçiririk. Xarici investorlarla Bakıda və xaricdə keçirilən konfranslarda görüşlər təşkil olunur. İki ildən bir ölkədə mikromaliyyə konfransı həyata keçirilir. Rəqəmsallaşma dövrünün tələbinə uyğun olaraq, müxtəlif texniki dəstək şirkətləri ilə əlaqələrin qurulmasına dəstək veririk. Bundan əlavə, BOKT-lərin maliyyə resurslarına çıxışının artırılması istiqamətində Bakı Fond Birjası ilə əməkdaşlıq çərçivəsində istiqrazın buraxılmasına dair təlimlər təşviq olunur”.
Fərqanə ALLAHVERDİQIZI