Türk Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (Association of Research Institutes and Centers of Archaeology of the Turkic World - ARICA) I toplantısı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkistan və Tatarıstanın (Rusiya Federasiyası) tanınmış elmi-tədqiqat mərkəzlərindən nümayəndələr iştirak edirlər.
Qeyd edək ki, ötən il noyabrın 9-10-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri Rəhbərlərinin I İşçi toplantısında arxeoloji tədqiqatlarda türk xalqları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra əsas istiqamətlər müzakirə olunmuşdu. Görüş müxtəlif arxeologiya institutları və mərkəzlərinin nümayəndələri üçün ortaq problemləri və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün platforma rolunu oynadı.
Görüşdən sonra Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyi yaradılıb. ARICA-nın yaradılması arxeoloji tədqiqatlar sahəsində türk xalqları arasında əməkdaşlığın gücləndirilməsində mühüm mərhələdir. Birlik türk arxeoloji əməkdaşlığını təşviq etmək, birgə tədqiqatlar aparmaq və ekspedisiyalar həyata keçirmək, eyni zamanda, beynəlxalq qurumlarla əməkdaşlıq etmək, mütəxəssislər hazırlamaq və elmi ədəbiyyat nəşr etmək məqsədi daşıyır.