RU

Ermənistan təzminat əvəzinə Azərbaycana torpaq VERƏ BİLƏR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin beşdə birini 30 il ərzində işğal etməsi ölkəmizdə sosial sosial-iqtisadi sahəyə ciddi ziyan vurub.

Azərbaycan özünün sosial-iqtisadi inkişafında onilliklər ərzində bu amillərdən istifadə edə bilməyib.

Post-konflikt dövründə münaqişənin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi həmişə gündəmdə olub. 

Keçmiş "Dağlıq Qarabağ" münaqişəsi artıq tarixə çevrildiyindən, Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi hazırda aktual məsələdir.  
 

Təcavüzün təsəvvür olunmayan ziyanı
 

İşğala məruz qalmış ərazilərdə ümumi dağıntı və dəymiş ziyan təsəvvür olunmayan dərəcədədir.

Rəsmi məlumatlara əsasən, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı, 12 dövlət arxivi və 401min dövlət arxiv sənədi məhv edilib, qarət və talan olunub.

İşğal dövründə 2000 km uzunluğunda qaz kəməri, 34 qazpaylayıcı qurğu, 76 940 km elektrik xətti, 7586 km su kəməri, 598 rabitə qovşağı, 3052 km rabitə xətti, 28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu məhv edilib.  

Bundan əlavə, 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə, fərq qoymadan etdiyi hücumlarda 4300-dən çox fərdi ev və yaşayış binası, 548 digər mülki obyekt dağıdılıb.  

Təcavüz Azərbaycanı işğala məruz qalmış torpaqlarda yerləşən istehsal amillərindən məhrum edərək, ölkənin sosial-iqtisadi itkilərinə səbəb olub.

Azərbaycanın işğala məruz qalmış ərazilərində mineral sudoldurma zavodları (Kəlbəcər rayonundakı Turşsu və İstisu zavodları), Qarabağ və Ağdam mərmər zavodları, daş karxanaları, məşhur və yüksək keyfiyyətli Ağdam şərabları və digər şərab məhsullarını istehsal edən zavodlar mövcud olub.

Bundan əlavə, Azərbaycanının işğala məruz qalmış ərazilərində südçülük, toxuculuq, ayaqqabı fabrikləri, Qarabağ ipək kompleksi və digər müəssisələr fəaliyyət göstərirdi.

Bakıda yerləşən təşkilatların 50-dən çox filialı və 300-dən çox sənaye və tikinti müəssisəsi Azərbaycanın işğala məruz qalmış hissəsində dağıdılıb.

Təcavüzdən öncə Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5%-i, ətin 14,5%-i, südün 17,1%-i, yunun 19,3%-i və baramanın 17%-i Ermənistanın işğalına məruz qalmış Azərbaycan ərazilərinin payına düşürdü.

185 000 hektar əkin yerləri və 645 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri işğal altında qalıb.

İşğala məruz qalmış ərazilərdə 300-dən çox kənd təsərrüfatı müəssisəsi, yüzlərlə kollektiv və təsərrüfatlararası müəssisə, 7000-dən çox hidravlik nasos, 40 nasos stansiyası, 30-dan çox suvarma sistemi və 1200 km təsərrüfatlararası suvarma kanalları məhv edilib.

1990-cı illərin əvvəlində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 20 000 insan öldürülüb və 50 000 insan yaralanıb və ya əlil olub.

4 minə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir.

Bütün işğal olunmuş ərazilərdə 700 000-dən çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb.

1980-ci illərin sonunda təxminən 250 000 azərbaycanlı Ermənistandan qovulub.

Ermənistanın təcavüzü  ətraf mühit üçün də ciddi fəsadlara səbəb olub.

İşğal olunmuş ərazilərdə meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı Azərbaycanda ətraf mühitə uzunmüddətli və bərpa olunmayan ziyan vurub.

Zəngin tarixi keçmişi və geniş mədəni irsi olan Azərbaycan ərazilərinin 20 faizinin işğalı, mədəni irs üçün də fəlakətli fəsadlara səbəb olub. Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yeri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilib, məhv olunub və ya talan edilib.
 

Vurulmuş ziyanın ödənilməsi mütləq məsuliyyətdir
 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun beynəlxalq hüquqi məsuliyyəti sahəsində sistemli araşdırmalar həyata keçirib.

Qeyd olunur ki, beynəlxalq hüquqi məsuliyyət mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir.

Bu məsuliyyət həm maddi, həm də beynəlxalq hüquqi məsuliyyət qeyri-maddi olmaqla müxtəlif formalara malikdir:

Reparasiya - hərbi əməliyyatlar nəticəsində məğlub tərəfin qalib tərəfə ödədiyi, onlar tərəfindən vurulmuş zərərin qarşılanması prosesidir.

Restitusiya - bir dövlətin cinayət törədilməzdən əvvəl mövcud vəziyyətinə qayıtmasıdır.

Buna qanunsuz olaraq tutulmuş şəxslərin sərbəst buraxılması, ələ keçirilmiş əmlakın geri qaytarılması misal göstərilə bilər.

Təzminat və ya kompensasiya - müasir beynəlxalq hüquqda maddi və ya mənəvi ziyana görə maddi vəsaitlərin ödənilməsini ifadə edir.

Kompensasiya, beynəlxalq münasibətlərdə zərərin ödənilməsinin ən çox istifadə edilən formasıdır .

Eyni zamanda, pozuntuları törədən tərəfin əks tərəfdən ictimai formada üzr istəməsi (satisfaksiya), eyni və ya oxşar davranışların təkrarlanmayacağına dair öhdəlik götürməsi də beynəlxalq hüquqda nəzərdə tutulan addımlardır.

2005 -ci ildə BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə ilə bir daha təsdiq olunub.

Bu qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.

16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.

 

Tarixi təcrübə nə deyir?
 

Dünya tarixində baş vermiş müharibələrdən sonra kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olub.

Reparasiya ilk dəfə Birinci Dünya Müharibəsi nəticəsində təyin olunub.

1919- cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat təyin olunub.

ABŞ Almaniyaya təzminatı ödəmək üçün borc verib və təzminatı toplayan ölkələr bu pulları Amerikaya olan kreditlərini ödəmək üçün istifadə ediblər.

İkinci Dünya Müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub.

1945-ci ildə Yalta Konfransında qəbul edilmiş qərara əsasən, Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, (bunlardan 72 min tikinti materialları), 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün aparılıb.

Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri, eləcə də digər texnoloji avadanlıqlar reparasiya məhsulu olaraq SSRİ-yə ödənilib.

Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Fransa kömür yataqlarından istifadə etmək və bəlkə də daimi olaraq özünə birləşdirmək niyyəti ilə 1947-1956-cı illərdə Saar protektoratına nəzarəti üzərinə götürüb.

Saar ərazisində yerləşən həmin mədənlər Birinci Dünya Müharibəsinin sonundan 1935-ci ilə qədər Fransanın nəzarətində idi.

Fransa yalnız 1 yanvar 1957-ci ildə Saar bölgəsindəki nəzarətindən əl çəkməli olub.

Hollandiya 1949-cu ildə təxminən 69 kvadratkilometr alman ərazisini özünə birləşdirib.  

8 aprel 1960-cı ildə Hollandiya-Almaniya müqaviləsinə əsasən, Qərbi Almaniya Hollandiyaya 280 milyon alman markası ödəməyi qəbul etdikdən sonra torpaqlar geri qaytarılıb.

İkinci Dünya Müharibəsində sonra müttəfiqlər təxminən 10 milyard (1948) dollar dəyərindən çox alman patentinə, müəllif hüquqlarına və ticarət nişanlarına əl qoyublar.

Milyonlarla alman düşərgələrdə, mədənçilikdə, məhsul yığımında və ya sənayedə müttəfiqlər üçün çalışmaq üçün bir neçə il məcburi əməyə məcbur edilib.

1946-cı il Paris Reparasiya Müqaviləsi çərçivəsində Yunanıstan Almaniyanın müttəfiqlərə ödədiyi təzminat çərçivəsində 25 milyard dollar dəyərində pul və sənaye malları alıb.

1951-ci ildə İsrail hakimiyyəti Almaniyaya təzminat üçün iddia qaldırıb.

Hesablamalara görə, kompensasiya adambaşına 3000 ABŞ dolları (2020 -ci ildə 29.900 dollar) olduğundan Almaniyanın onlara 1.5 milyard dollar (2020 -ci ildə 15 milyard dollara bərabər) borcu var idi.

İsrail hökuməti nasistlərin 6 milyard dollarlıq yəhudi mülkünü qarət etdiklərini hesablasalar da, almanlar heç bir maddi təzminatla yəhudilərə etdiklərinin əvəzini çıxara bilməyəcəklərini bildiriblər.

Yaponiya və İndoneziya arasında münaqişənin nəticəsi olaraq 20 yanvar 1958-ci ildə imzalanmış sülh və təzminat müqavilələrinə əsasən, Yaponiya 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəməli idi.

1990-1991-ci illərdə Küveytə qarşı qanunsuz işğal nəticəsində dəyən ziyana və itkilərə görə İraqa qarşı  təzminat ödəmək öhdəliyi irəli sürülüb.

Təzminatın ödənilməsini təmin etmək üçün isə Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası qurulub.

İraq 1990-1991-ci illərdə Küveyt iqtisadiyyatına və vətəndaşlarına vurduğu ziyana görə 50 milyard dollardan çox təzminat ödəyib.
 

Ermənistanın təzminat imkanları varmı?
 

30 illik işğal nəticəsində Ermənistanın Azərbaycana vurduğu ziyanın məbləği milyardlarla dollar qiymətləndirilir.

Ziyanın məbləği çox yüksək olduğu üçün Ermənistan iqtisadiyyatı təbii ki, bu yükü qaldırmaq gücündə deyil.

2023-cü uildə Ermənistanda ümumi daxili məhsul 23,5 milyard dollar olub.

Bu ilin yanvarın 1-nə Ermənistanın ümumi borcu 11,8 milyard dollar olub.

Bunun 6,5 milyard dolları xarici borcların, 5,3 milyard dolları isə daxili öhdəliklərin payına düşür.

Beləliklə, Ermənistanın ümumi borcu  ümumidaxili məhsulun təxminən yarısına bərabərdir.

2024-cü ildə Ermənistan büdcəsinin gəlirləri 2,723 trilyon dram və ya 7 milyard dollar, xərcləri isə 3,2 trilon dram və ya  8,3 milyard dollar proqnozlaşdırılıb.

Beləliklə, ölkənin büdcə kəsiri 1,3 milyard dollar təşkil edəcək ki, bü da ümumi daxilin məhsulun 5,5 faizi qədərdir.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin avqust ayına ölkənin valyuta ehtiyatları cəmi 3,4 milyard dollardır.

Bu məbləğin də bir hissəsi xarici öhdəliklərə bağlıdır.  

Ermənistanın iqtisadi cəhətdən ayaqda qalmasında Rusiyadan gələn yardımlar və erməni diasporunun maliyyə dəstəyi böyük rol oynayır.

Bu mənbələr isə davamlı inkişaf edən iqtisadiyyat üçün əlverişsizdir.
 

Təzminat əvəzinə torpaq
 

Məhdud iqtisadi imkanları olan Ermənistan işğal dövründə vurduğu ziyanın əvəzini pul ilə ödəmək iqtidarında deyil.

Mövcud şəraitdə Ermənistan təzminatı digər kompensasiya formaları ilə də ödəyə bilər.

İkinci Dünya Müharibəsində Almaniyada olduğu kimi, Ermənistan da torpaqlarının bir hissəsini Azərbaycana təzminat formasında verə bilər.

Burada söhbət əsasən tarixi Azərbaycan torpağı sayılan Qərbi Zəngəzurun geri qaytarılmasından gedir.

Bu həm də tarix və beynəlxalq hüquq qarşısında ən ədalətli seçim hesab edilir.

Bu variant Naxçıvanla birbaşa əlaqəni təmin etməklə ümumilikdə Türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Kompensasiyanın geri qalan hissəsi təbii resurs mədənlərindən (qiymətli metallar, dəmir filizi və s.) istifadə hüququnun Azərbaycana verilməsi ola bilər.  

Bütün bu öhdəliklərin yerinə yetirilıməsi üçün beynəlxalq təşkilatların Ermənistana təsirinin artırılması çox vacibdir.  

Beynəlxalq təşkilatlar Ermənistanın qarşısında bu öhdəlikləri qoymalı və yerinə yetirilməsinə nəzarət etməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
1
modern.az

10Источники