RU

İmişlidə 624 şagird yerlik məktəb binası əsaslı təmir olunub

İmişli, 16 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunun Yalavac kənd İdris Səfərov adına 624 şagird yerlik tam orta məktəb binası əsaslı təmir olunaraq istifadəyə verilib. Binada şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən şərait yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional təhsil idarəsinin, İmişli rayon Təhsil sektorunun nümayəndələri, şəhid ailələri, məktəb kollektivi iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb.

Çıxış edənlər yeni tədris ili münasibətilə məktəb kollektivini təbrik edib, dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, digər bölgələrimiz kimi artıq Qarabağ və Şərqi Zəngəzura da təhsil qayıdıb və yeni tədris ocaqları inşa olunaraq istifadəyə verilib.

Daha sonra əsaslı təmir olunan binada yaradılan şəraitə baxış keçirilib. 624 şagird yerlik təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika kabineti, texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur.

Избранный
7
2
azertag.az

3Источники