RU

AzMİU 50-ci tədris ilinə qədəm qoydu

AzMİU

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni tədris ilinin başlanması və Bilik Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən universitetin rektoru professor Gülçöhrə Məmmədova ölkəmizdə bilik iqtisadiyyatının qurulduğunu vurğulayıb. Akademik heyəti və tələbələri daha əzmlə çalışmağa səsləyən rektor deyib: “İntellektual səviyyəsi yüksək olan ölkələr yaratdıqları yeni texnologiyalarla sənaye, iqtisadiyyat və digər sahələri inkişaf etdirir və qabaqcıllar sırasında qərarlaşır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də məhz bu istiqamətə yönəlib. Biz də çox çalışmaqla Azərbaycanı dünyaya daha çox tanıtmalı, nüfuzunu daha da artırmalıyıq. Əlbəttə ki, bu işlər dünən də, bu gün də yerinə yetirilib. Şübhəsiz, gələcəkdə də davam etdiriləcək. Siz tələbələr, gənc nəsil ölkə rəhbəri tərəfindən yürüdülən bu strateji siyasətin sabahkı icraçıları olacaq ideyaları həyata keçirəcəksiniz”.

Rektor çıxışında 2024/2025-ci tədris ilində AzMİU-nun qəbul planı və tələbə sayını da açıqlayıb: “AzMİU-nun qəbul planı bu il 94 faiz dolub. Universitetə 2301 nəfər qəbul olub, onlardan 1216-sı dövlət sifarişi əsasında təhsil alacaq. Magistraturaya qəbul olan tələbə sayı isə 952-dir. Beləliklə, ümumilikdə 3200 nəfərdən çox gənc AzMİU-da təhsil almaq şansı qazanıb. Ötən ilə nisbətən bu il onların arasında 500-600 bal toplayan gənclərin sayı daha da artıb. Bu, universitet olaraq bizim doğru istiqamətdə olduğumuzun göstəricisidir, eyni zamanda, bizim üçün əlavə motivasiyadır”.

Qeyd olunan nəticəni universitetin tarixinə yazılan böyük nailiyyət kimi dəyərləndirən Gülçöhrə Məmmədova akademik heyət üzərinə də böyük məsuliyyətin düşdüyünü söyləyib. O, ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladaraq, dünya əhəmiyyətli bu hadisənin universitetdə hazırlanan ixtisaslar üçün də önəmli olduğunu qeyd edib: “İqlim dəyişikliyinin təbiətə, iqtisadiyyata gətirdiyi dəyişikliklər bizim hazırladığımız ixtisaslara bilavasitə təsir göstərir. Bu ixtisaslarda çalışan mütəxəssislər iqlim dəyişmələrinə uyğunlaşaraq öz işlərində itki və zərərləri aradan qaldırmağa səy göstərirlər. Memarlar, inşaatçılar, mühəndislər və başqaları iqlim problemləri ilə bilavasitə bağlıdırlar. Bu çağırışlara ölkəmizin necə cavab verəcəyi siz gənclərin gələcək mütəxəssis kimi fəaliyyətindən asılı olacaq”.

Gülçöhrə Məmmədova universitetin tarixinə diqqət çəkərək yeni tədris ilini AzMİU-nun həyatında əlamətdar tarix adlandırıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan universitetin yaxın zamanlarda 50 illik yubileyi qeyd olunacaq. Rektor AzMİU-nun keçən 50 ildə dövlətçilik prinsiplərinə sadiq qaldığını, ölkəmizin ali təhsil sisteminin güclənməsinə, ixtisaslı mühəndis kadrların sayının artmasına, memarlıq, inşaat, kommunikasiya sistemləri və bu kimi önəmli sahələrin inkişafına xidmət etdiyini vurğulayıb.

Daha bir əhəmiyyətli tarixə diqqət çəkən rektor Qarabağda fəaliyyətə başlayan universitet və məktəblərdən də danışıb, tarixi Qələbəmizin gətirdiyi bu qürurlu günün sevincini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin xüsusi qonağı - işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərində yaxından iştirak edən Türkiyənin “ProYapı” şirkətinin icraçı direktoru Akif Aygen çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. O, AzMİU-nu yüksəkixtisaslı mütəxəssislər hazırlayan qabaqcıl universitet kimi qiymətləndirib, universitetin inkişafını beynəlxalq təcrübələri, innovativ elmi yenilikləri uğurla tətbiq etməsi ilə əlaqələndirib.

Universitetin Memarlıq fakültəsinə 631 balla qəbul olan Əminət Şabanova və AzMİU ilə İTU arasında ikili diplom proqramının məzunu, hazırda isə universitetin magistrantı olan Asiman Əlizadə öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Onlar bu universiteti seçmə səbəbləri arasında AzMİU-nun beynəlxalq reytinqlərdəki mövqeyi, ixtisaslarının uğurla akkreditasiyadan keçməsi, qabaqcıl dünya universitetləri ilə birgə həyata keçirdiyi ikili diplom proqramları, akademik heyətin nüfuzlu alim və müəllimlərdən təşkil olunması kimi vacib məqamları qeyd ediblər.

Qeyd edək ki, bu il AzMİU-nu seçənlər arasında şəhid övladları da yer alıb. Şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli bakalavriat, şəhid baş leytenant Valeh Babayevin oğlu Səid Babayev magistratura səviyyəsinə qəbul olublar.

Tədbirin sonunda universitetə yüksək balla qəbul olan gənclərə universitet rəhbərliyi tərəfindən tələbə biletləri təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
1
azertag.az

2Источники