RU

Halal Zəfərimizə “donuz piyi” qatmaq istəyənlər – “Qatar”a gecikənlərin timsah göz yaşları

Kollektiv Qərb 3 ildir Ukraynaya öz ərazi bütövlüyünü bərpa etmək üçün çoxmilyardlıq yardımlar edir, bahalı ölümcül silahlar verir. Zamanında həmin köməyin mində biri Azərbaycana göstərilsəydi, işğalçı Rusiya kimi işğalçı Ermənistana da sanksiya tətbiq edilsəydi, torpaqlarımız nəinki 27 il, heç 27 gün də işğalda qalmazdı…
“Ukraynaya kənardan sülh planı tətbiq oluna bilməz. Suverenlik və ərazi bütövlüyünə zidd istənilən təşəbbüs ədalətli və davamlı olmayacaq”.
Bunu dünən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Ukrayna xalqına mahiyyət etibarilə sülh sırımağa çalışan, suverenlik və ərazi bütövlüyü, demokratiya və azadlıq kimi əsas prinsiplərə zidd istənilən sülh planı ədalətli və davamlı deyil”, – Sallivan vurğulayıb.
Qulağa xoş gələn açıqlamadır. Hərgah, aşağıdakı suallardan özünü saxlaya bilmirsən: bəs illər öncə özünüz Azərbaycana niyə kənardan ədalətsiz sülhü sırımaq istəyirdiniz? Pərdə arxasında “siz müharibəni uduzmusunuz, reallıqla barışmaq lazımdır” kimi “qiymətli” tövsiyələrlə Bakını dəng edən kim idi? Qərbin əsas dövləti ABŞ deyildi?
Üstəgəl, Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi var idi (822, 853, 874, 884). Hansı sənədləri ki, TŞ-nin 5 daimi üzvləri kimi Birləşmiş Ştatlar, Fransa və Rusiya da dəstəkləmişdi…
Yeri gəlmişkən, Ukrayna ilə bağlı BMT TŞ-nin analoji sənədi yoxdur (O ayrı məsələ ki, TŞ-nin daimi üzvü kimi Rusiya özünə qarşı belə qətnamənin qəbuluna imkan verməz). Buna rəğmən, görün Qərb Ukraynaya görə necə əl-ayağa düşüb, beynəlxalq hüquqdan necə dəm vurur!
Ancaq ABŞ, Fransa, Rusiyanın həmsədri olduğu Minsk Qrupunun “vasitəçilik” dövründə, 26 ildə (!) həmin 4 qətnamə üzdəniraq qurumun yadına düşmədi. Ermənistan işğalçı siyasətə, etnik təmizlənmələrə, soyqırımlarına (Xocalı, Meşəli, Başlıbel və s.) görə bircə dəfə olsun qınanmadı, Rusiya kimi ona sanksiya tətbiq edilmədi…
Nəhayət, Azərbaycan 2020-ci ildə, 44 günlük müharibədə özü BMT TŞ-nin qətnamələrin icrasını təkbaşına reallaşdırdı. Amma buna görə bizə “thank you”, “merci”, “spasibo” demək əvəzinə, orda-burda hələ də qeybətimizi edir, ayağımızın altını qazırlar, ard-arda qərəzli sənədlər qəbul edirlər (Fransa Senatı, Avropa Parlamenti, AŞ PA və s). Qısası, halal Zəfərimizə “donuz piy” qatmaq istəyirlər.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini əngəlləməyin, vurulmuş “Qarabağ kartı” ilə Bakıya təzyiq göstərib erməni separatizmini Azərbaycanda təzədən diriltmək cəhdlərinin, revanşistləri qızışdırıb kapitulyant tərəfi təzədən silahlandırmağın başqa hansı adı ola bilər ki? Rusiya isə Qarabağı Azərbaycanın tərkib hissəsi saydığı üçün Nikol Paşinyanı nədənsə hələ də bağışlaya bilmir!..
Sözü ona gətiririk ki, məhz böyük dövlətlərin “ikili standart”, riyakar siyasətinə görə dünyada müharibə və münaqişələr, qırğınlar bitmir. Özü də konflikt tərəfi müsəlman-türk ölkəsidirsə, onda sonuncunu daha böyük ədalətsizlik və haqsızlıq gözləyir. Bunu kim bilməsə də, Azərbaycan çox yaxşı fərqindədir, çünki türkofobiyanı, islamofobiyanı öz üzərində illərlə, əyani şəkildə hiss edib, görüb.
Biz artıq onu da yəqin eləmişik ki, indiki zəmanədə yalnız haqlı olmaq, beynəlxalq hüquqa bel bağlamaq yetərli deyil, ola bilməz. Gərəkdir ki, həm də güclü olasan – hərbi cəhətcə, iqtisadi cəhətcə. Və əgər müsəlman-türksənsə, ikiqat-üçqat qüdrətli olmaq, güclü arxa-dayaqlar tapmaq, təhlükəsizliyini ikiqat-üçqat zəmanətli etmək zorundasan. Əks halda, sənin səsin, sözün enində-sonunda batırılacaq. Özünü isə hop edib “yeyəcəklər”…
Z.SƏFƏROĞLU

Избранный
138
1
arantv.az

10Источники