Sabiq deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus olan "Buta" bağçası satılır.
İqtisadiyyat.az unikal.az-a istinadən xəbər verir ki, şirkət hazır biznes olaraq satılır. MMC və lisenziyanın qiyməti 120 min manatdır. Əşyalar isə əlavə 15 min manata təklif olunur.
Şirkətdən verilən açıqlamada bildirilib ki, bağçanın öz binası olmayıb:
"Biz bağçanın binasını icarə əsasında işlədirdik. Təzəlikcə özümüz üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikirdik. Oranı bağça üçün nəzərdə tutmuşduq. Zirzəmi və 1-ci mərtəbəsi tikilib.
Tikili yarımçıq olsa da, bütün sənədləri hazırdır. 4,5 sotun içərisindədir. Qeyri-yaşayış sahəsi kimi orada istənilən bir obyekti yaratmaq mümkündür. Onun qiyməti isə 1 milyon 500 min manatdır".
Qeyd edək ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputat seçilib.