RU

Heydər Əliyev Fondunun Şamaxı rayonunda daha bir yeni məktəb layihəsiFOTO VİDEO

Şamaxı, 16 sentyabr, AZƏRTAC

Şamaxının Hacıqədirli kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Yeni istifadəyə verilən məktəb binasının açılışında Heydər Əliyev Fondunun, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə təbriklərini çatdırıblar.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Şamaxıda son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, yeni tədris ocaqlarının tikilməsindən, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb.

Məktəbin direktor əvəzi Şeyda Şeydayev çıxışında tədris ocağının zəruri avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Buna görə kollektiv və kənd sakinləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbinin binası 1975-ci ildə inşa olunub. Bina istifadəyə yararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən 132 şagird yerlik yeni məktəb binasının inşası həyata keçirilib. İkimərtəbəli məktəb binası 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Burada 10 sinif otağı, fizika, kimya laboratoriyaları, informatika, hərbi təlim və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zallar, açıq idman meydançası var. Yeni tədris ocağı daimi su, istilik sistemi, eləcə də yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təmin edilib.

Məktəbdə 122 şagirdin təhsil təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
7
azertag.az

7Источники