RU

Mərkəzi Avropa sel və daşqınlarla bağlı yeni fəlakətə hazırlaşır

Mərkəzi

Bakı, 17 sentyabr, AZƏRTAC

Bazar ertəsi, sentyabrın 16-da Polşa və Çexiyanın bir sıra bölgələrində sakinlər tələsik təxliyə edilib. Mərkəzi Avropanın digər ölkələri dağıntılar və artan itkilər törədən son iyirmi ilin ən pis daşqınından sonra bərpa prosesinə başlayıblar.

AZƏRTAC xəbər verir ki, ötən həftədən bəri davam edən leysan yağışları və suyun səviyyəsinin yüksəlməsi bəzi körpülərin uçmasına, məcburi təxliyələrə, avtomobillərə və evlərə ziyan dəyməsinə səbəb olub, eyni zamanda, həftəsonu Çexiya ilə Polşa arasında sərhəd bölgələri ağır zərbə alıb.

Rumıniyadan Polşaya qədər ərazidə son bir neçə gündə baş verən daşqınlar ən azı 17 nəfərin həyatına son qoyub. Bazar ertəsi günortadan sonra Polşanın cənubunda 40 mindən çox əhalisi olan Nısa şəhərinin meri yaxınlıqdakı sahil bəndinin zədələnməsindən sonra sakinləri dərhal təxliyə etməyə çağırıb.

Çexiyanın şimal-şərqindəki Ostrava şəhərində, Odra və Opava çaylarının qovuşduğu yerdə bəndin dağılması şəhərin sənaye zonasının, o cümlədən “BorsodChem” kimya zavodunun, “OKK Koksovnıy” koks zavodunun və digərlərinin su altında qalmasına səbəb olub, yaşayış məntəqələrinin bir çoxunun əhalisi təxliyə edilib.

Çexiyanın Litovel şəhərinin ərazisinin 70 faizi bir metr dərinliyə qədər suyun altında qalıb.

Polşa hökuməti zərərçəkmiş ərazilərdə təbii fəlakət rejimi elan edib və zərərçəkənlərə yardım üçün 260 milyon dollar ayırdığını bildirib.

Baş nazir Donald Tusk təbii fəlakətə məruz qalan digər ölkələrin liderləri ilə əlaqə saxladığını və maliyyə yardımı üçün Avropa İttifaqına müraciət edəcəklərini deyib.

Polşanın Lyondek-Zdruy şəhərinin sakinləri daşqınlar nəticəsində yaranan itkiləri “dəhşətli hadisə” adlandırıblar. Onlar bildirirlər ki, bu yaşayış məntəqəsi qiyamətdən çıxmış şəhəri xatırladır, kabuslar məkanına bənzəyir. Burada bütün körpülər dağılıb, sakinlərin ətraf aləmlə əlaqəsi kəsilib.

Bazar günü kənd və qəsəbələri su altında qalmış Rumıniyanın şərqindəki Slobozia-Konaki bələdiyyəsini sədri Emil Draqomir dövlət televiziyasında bəzi insanların hətta paltarlarını belə götürə bilmədiklərini deyib.

Rumıniyada son bir neçə gündə daşqınlar nəticəsində 7 nəfər ölüb. Avstriyada isə bir yanğınsöndürən həlak olub. Aşağı Avstriyada polis sözçüsü bazar ertəsi günü 70 və 80 yaşlı iki kişinin evlərində ölü tapıldığını bildirib.

Polşa polisi daşqınlar nəticəsində 4 nəfərin, Çexiya polisi isə 3 nəfərin öldüyünü bildirib.

Slovakiyanın paytaxtı Bratislava və Macarıstanın paytaxtı Budapeşt Dunay çayının daşması səbəbindən mümkün daşqınlara hazırlaşır.

Macarıstanın daxili işlər naziri Şandor Pinter bildirib ki, hazırda Dunay çayı və onun qollarını öz məcrasında saxlamaq üçün tədbirlər görülür. Bu məqsədlə 12 minə qədər hərbçi səfərbər edilib.

Avstriyada yağışların dayanması ilə çaylarda və su anbarlarında suyun səviyyəsi aşağı düşüb, lakin səlahiyyətlilər daha güclü yağışların gözlənildiyi üçün ikinci dalğaya hazırlıq görüldüyünü bildiriblər.

Избранный
112
50
azertag.az

10Источники