Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla görüşüb.
QHT.az xəbər verir ki, görüşdə rektor son illərdə BDU-nun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində görülmüş işlərə və qarşıda duran hədəflərə dair geniş məlumat verib. QS-in regional direktoru Sergey Xristolyubov rektor Elçin Babayevi BDU-nun böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşması və ölkədə lider mövqeyinə yüksəlməsi münasibəti ilə təbrik edib. Eləcə də BDU-nun “QS Avropa 2025” reytinqində ötən illə müqayisədə 78 pillə irəliləyərək, 336-cı mövqeyə yüksəlməsi, “QS Qərbi Asiya 2025” reytinq siyahısında 4 pillə irəliləyərək, 93 universitet arasında 15-ci mövqedə qərarlaşması ilə böyük uğura imza atdığını vurğulayıb.
Görüşün sonunda BDU ilə QS arasında “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.