“Azərbaycandan qaz nəqli və ya tranzitini istisna etmək olmaz” – Paşinyan
Ermənistan sülh müqaviləsinin imzalanması şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etmir. Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan 2-ci Ümumdünya Erməni Sammitində bildirib. O. həmçinin çıxışında Ermənistana qaz nəqli variantını təklif edən Bakının son bəyanatlarını xatırladıb. “Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçməsi ssenarisini də istisna edə bilmərik”, - Paşinyan qeyd edib. Digər tərəfdən, enerji təhlükəsizliyi məsələlərini müzakirə edən baş nazir enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini də vurğulayıb. O, diqqətini günəş enerjisinin inkişafına və yaşıl hidrogendən istifadə perspektivlərinin öyrənilməsinə yönəldib. Paşinyan vurğulayıb ki, heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də, onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görülməlidir.