RU

"Bu nə mədəniyyətdir?!" - Deputat həmin müəllimlə məmuru QINADI

Sentyabrın 16-da İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva ilə icra nümayəndəsi arasında mübahisə yaranıb.

İddiaya görə, müəllimə hazır vəziyyətdə olan təzə məktəb binasının yeni dərs ilinin ilk günündə açılmamasına etiraz edərək, dərsini məktəbin həyətində, açıq havada keçib. İcra nümayəndəsi isə yeni tikilən və ya təmir edilən onlarla məktəb olduğunu, onların hamısının bir gündə açılmasının mümkünsüzlüyünü, bu məktəb binasının isə sentyabrın 18-də açılacağını deyib.

Mövzu ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, burada nə müəllimin, nə də icra nümayəndəsinin yanaşması düzgündür:

“Hər iki tərəfin yanaşmasında kobud səhvlər var. Müəllim də, icra nümayəndəsi də müəyyən normaları gözləməli idi. Bir müəllimin dövlət məmuru ilə o şəkildə kobud danışması, uşaqların gözü qarşısında belə addım atması səhvdir. Müəllim öz nümunəsini düzgün və doğru göstərməli, uşaqların qarşısında o cür davranış nümayiş etdirməli deyildi.
İcra nümayəndəsi dövlət məmuru, ölkə başçısının siyasətini bölgədə həyata keçirən şəxsdir. Ona görə də biz o subardinasiyanı gözləməliyik. Müəllimin o cür yanaşması heç xoşuma gəlmədi. Məktəbdə hansısa çatışmazlıqlar ola bilər, amma müəllimin dövlət məmuruna qarşı o cür rəftarı həm şagirdlər, həm də müəllimlər üçün yaxşı olmayan nümunədir.

İcra nümayəndəsi də bir dövlət məmuruna yaraşmayan şəkildə davrandı. Uşaqların qarşısında müəllimə qarşı belə münasibət göstərmək yanlışlıqdır. Müəllim elə düşünür ki, məktəb tam hazır deyil və dərsi çöldə keçir. Məncə bu məsələni böyüdüb belə vəziyyətə gətirmək lazım deyildi".

 

Müsahibimiz bildirib ki, bütün sosial şəbəkələr, ölkə mediası və hətta xaricdə yayımlanan saytlar bu mübahisəni yayımlayır:
 

“Biz bir tərəfdən Qarabağ Universitetinə tələbələri yola salırıq, təhsil gündəmimizdə müsbət inkişaflar özünü göstərir, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayır, Şuşa, Laçın, Xocalıda məktəblər istifadəyə verilir, digər tərəfdən isə təhsil gündəmimizi belə bir xoşagəlməz video zəbt edir. Həm müəllim, həm də icra nümayəndəsi, ümumiyyətlə biz hamımız dövləti təmsil edirik. Dövlət qurumlarının nümayəndələri bir-birinə hörmət etməyi bacarmalıdırlar. O uşaqların psixologiyası zədələndi, düzgün olmayan mübahisənin şahidi oldular.
Nəzakəti, etikanı, düşüncəni maksimum şəkildə qorumalıyıq".

 

C.Məmmədov vurğulayıb ki, belə məsələlərdə hər kəs öz adına, vəzifəsinə, uyğun hərəkət etməlidir:

“Bu nə etikadır, bu nə düşüncədir, bu nə mədəniyyətdir?! Belə şeylərdə həm müəllimlər, həm də dövlət məmurları diqqətli olmalı və bu məsələlər qarşıdurma səviyyəsinə gətirilməməlidir. Müəllim də, dövlət məmuru da bu cəmiyyəti üzvüdür. Hərəsi dövlətin bir qolunu təmsil edir. Onlar belə məsələlərdə diqqətli olmalıdırlar. Mən bu mənzərəyə, polemikaya, üsluba, kobudluğa təəssüf etdim”.

Избранный
13
5
modern.az

9Источники