Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycanın Milli Musiqi Günü qeyd olunub.
Tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor - müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.
İlk öncə iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən “Özbəkistanda milli musiqimiz” adlı fotosərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə AMM direktorunun müavini Nadir Əlimirzəyev açaraq bildirib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür. Milli musiqi mədəniyyətimiz öz inkişaf zirvəsinə görə məhz Üzeyir Hacıbəyliyə borcludur. O deyib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan ilk operanın müəllifi kimi musiqi tarixinə düşüb. Sonra yeddi il ərzində dahi bəstəkar daha beş opera, üç operetta yaradıb.
N.Əlimirzəyev bildirib ki, 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabr Milli Musiqi Günü elan edilib. Bu gün dahi Üzeyir bəyin ruhu şaddır, çünki Azərbaycan musiqisi doğma Qarabağda, Şuşada səslənir.
O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22–23-də dost ölkəyə dövlət səfəri, imzalanan mühüm sənədlər münasibətlərimizin inkişafına təkan verib. O günlərdə tanınan özbək müğənnisi Fərrux Zakirov Azərbaycanın Xalq artisti, Polad Bülbüloğlu isə Özbəkistanın xalq artisti adına layiq görülüblər. Bu il avqustun sonunda Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq musiqi festivalında isə gənc Azərbaycan xanəndəsi Mirələm Mirələmov “Qran-pri”ni Azərbaycana aparıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistan-Azərbaycan dostluğindan danışıb, Azərbaycan mədəniyyətinin və incəsənətinin Özbəkistanda tanınmasında AMM-nin rolundan söhbət açıb.
Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Tədbirin sonunda dahi bəstəkar Üzeyir Hacıbəylinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən və rənglənən eyniadlı operettası əsasında Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi nümayiş olunub.
Qeyd edək ki, filmi Özbəkistanda nümayiş etdirmək məqsədilə AMM tərəfindən özbək dilində subtitrlər hazırlanıb və filmə əlavə edilib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd