RU

Emin Ağalarovun yeni layihələri və Əliyevlərlə əməkdaşlığı

Yayımlandı: 20 Sentyabr 2024 09:50 Avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “Landau Məktəbi”nin və “The Grand” apart hotelinin açılışı olub. Prezident və ailəsi keçmiş kürəkənin işləri ilə tanış olublar.  “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov İlham Əliyevə “Sea Breeze”in əsas layihələri – 231 şagird üçün nəzərdə tutulmuş “LANDAU School” Təhsil Kompleksinin “Sea Breeze”dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş “SABAH.school” barədə məlumat verib. LANDAU School kimə məxsusdur? 2018-ci ildə əsası qoyulmuş, ilk azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan özəl orta məktəb kompleksinin baş ofisi Nəsimi rayonunda olsa da, Bakıda 9 filialı var.  Rəsmi sənədlərə görə, 2018-ci ildə dövlət qeydiyyatına alınmış “Landau School” Ümumi Təhsil Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Timur Leznik Yefimoviç adlı şəxsdir. Digər həmtəsisçi isə qardaşı Emil Leznikdir. İllik təhsil haqqının 8-10 min manat olduğu “Landau School”un təhsil üzrə direktoru isə ataları Yefim Leznikdir. Yefim Leznik Petroviç uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbinin direktoru olub. “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Xabad Or-Avner” məktəbinin təməlqoyma mərasimi keçirilib.  2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu  Azərbaycana işgüzar səfəri çərçivəsində bu təhsil mərkəzində də olub. Bir neçə il öncə ‘LANDAU School”-un rəhbərliyindən “PASHA Holding”ə transferlər də olub. Təhsil müəssəsinin bir zamanlar baş icraçı direktoru Riad Salayev “PASHA Holding” MMC-də Transformasiya direktoru təyin edilib. Bundan əlavə, rəhbər vəzifələrdə çalışmış Elçin Qədimov da “PASHA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə təyin edilib. Bəs “The Grand” apart hoteli kimindir? “The Grand” apart hoteli “Sea Breeze” yaşayış və istirahət komplekləri zəncirinə daxil olan şəbəkəyə aiddir.  Bura ilboyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart otelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir. “Sea Breeze” yaşayış və istirahət kompleksi 2006-ci ildə Azərbaycanın Xalq artisti, elə o zamanlar İlham Əliyevin qızı Leyla Əliyeva ilə ailə həyatı qurmuş Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub. Bu gün “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Tikilməkdə və hazır olan 40-dan çox layihəni, 50-dan çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini özündə birləşdirir. Emin Ağalarov kimdir? Ağalarov bu yaxınlarda “Instagram”-da keçirdiyi bir yarışla gündəmə gəldi. O, iştirakçılardan birinə “Sea Breez”də ev verəcəklərini açıqlayırdı. Yarışa minlərlə insan qoşulsa da, tənqidçilər bu layihənin icrası üçün 20-yə yaxın şəxsin bağlarından necə qovulmasını xatırladırdılar.  Emin Ağalarov Rusiya Federasiyasının iş adamı olan Araz Ağalarovun oğludur və Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilə kimi kürəkəni olub. Leyla Əliyeva və Emin Ağalarov “Stick Together” adlanan klipdə bir yerdə yer alıblar. Hazırda Emin Ağalarovun Bakıda dəyəri milyonlarla ölçülən tamamlanmamış layihələri var. Onlardan biri də Xəzər dənizində salınan süni “Caspian Dream Liner” yarımadasıdır. Azadlıq Radiosu yazır ki, Azərbaycanda süni torpaqların yaradılmasına dair parlamentin qəbul etdiyi və Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanun dövlət başçısının keçmiş kürəkəninin lüks mənzillər satmaq planını gerçəkləşdirməyə hesablanıb. Emin Ağalarov və Leyla Əliyevanın şirkətlərinin ortaq layihələri mövcuddur. Belə ki, “Miles&Smiles PASHA Bank Platinum” kartı ilə “Sea Breeze Resort”da yay istirahətindən faydalanmaq üçün müxtəlif kampaniyalar mövcuddur. Bu, hər iki şirkət arasında var olan əməkdaşlıqdan sadəcə biridir. “PASHA Holdinq” şirkətini əvvəllər Arif Paşayev idarə etsə də, hazırda holdinq İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusdur. I Vitse-prezident Mehriban Əliyevanın atası 2013-cü ildə Arif Paşayev şirkətin idarəsini öz nəvələrinə – Arzu və Leyla Əliyevalara dövr edib. Meydan TV

Избранный
70
xural.com

1Источники