Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlsen və macar Yudit Polqarı bütün zamanların ən yaxşı şahmatçıları kimi tanıyıb.
Hər iki qrossmeyster Budapeştdə FIDE-nin yüzilliyinə həsr olunmuş qala gecədə mükafatlandırılıb.
2014-cü ildə karyerasını bitirən Yudit Polqar 1989-2015-ci illərdə FIDE-nin qadınlar arasında reytinq cədvəlinə başçılıq edib. Macarıstanın qadınlardan ibarət millisinin heyətində 1988 və 1990-cı illərdə Ümumdünya Şahmat Olimpiadasında qızıl, kişilərdən ibarət komandanın tərkibində isə iki dəfə gümüş medal qazanıb.
Maqnus Karlsen 2013-cü ildən 2023-cü ilə qədər dünya çempionu olub və bu titulu dörd dəfə uğurla müdafiə edib. O, 2023-cü ildə könüllü olaraq titulun beşinci müdafiəsindən imtina edib və şahmat tacına rusiyalı Yan Nepomnyaşini məğlub edən çinli Dinq Liren yiyələnib.