BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Qayıdış hüququndan istifadə - sülh və barışıq üçün mühüm stimul kimi” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, BMT-nin üzv dövlətlərinin və çoxsaylı qeyri-hökumət təşkilatlarının iştirak etdiyi tədbirə beynəlxalq ekspert Ventseslav Sabev moderatorluq edib.
Tədbirdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov, Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyasının professoru Evgeniya Duss, Su, Ətraf mühit və Sağlamlıqla bağlı Qlobal institutun rəhbəri Nidal Salim və Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri və sözçüsü Ülviyyə Zülfiqar çıxış ediblər.
Tədbirin moderatoru, beynəlxalq ekspert Ventseslav Sabev, qayıdış hüququnun beynəlxalq prinsiplərin ayrılmaz hissəsi olduğunu qeyd edərək, tədbirin mövzusunun aktuallığından danışıb.
Qərbi Azərbaycan İcmasının nümayəndəsi Ülviyyə Zülfiqar çıxışında azərbaycanlıların vaxtilə mütləq əksəriyyəti təşkil etdikləri Ermənistan ərazisindən zorla qovulmasının tarixi haqqında məlumat verərək, deportasiyaların ağrılı nəticələrinin hələ də aradan qaldırılmadığını vurğulayıb.
Ülviyyə Zülfiqar, Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə etdiyi cəhdlərin cavabsız qaldığını qeyd edib.