RU

Şirvanda şəhid polkovnik-leytenant Rəşad Hüseynovun xatirəsi anılıb

Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu polkovnik-leytenant Rəşad Hüseynovun Şirvan şəhərində xatirəsi anılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Əhmədov, Daxili Qoşunlar komandanının müavini general-mayor İnqilab Muradov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Rəşad Hüseynovun doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət diləyib. Şəhidlərin qürur yerimiz, fəxrimiz olduğunu, Vətən naminə canını qurban vermiş şəhidlərin unudulmayacağını, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub. 44 günlük müharibədən sonra Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla cəmi 23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Qalib Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızı ucaltmasını xalqımız iftixar və qürur hissi ilə izləyib.

Daha sonra general-mayor İnqilab Muradov şəhidin yaxınlarına başsağlığı verərək, xalqımıza “Zəfər” bəxş edən Rəşad Hüseynov və digər döyüşkən ruhlu şəhidlərimizdən, müharibə iştirakçılarımızdan fəxarətlə söhbət açıb.

Şəhidin atası Rəhim Hüseynov dövlət səviyyəsində şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Rəşad Hüseynov 1980-ci il mart 10-da Şirvan şəhərində anadan olub. Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə təhsil alıb. C.Naxçıvanski adına hərbi liseyin və Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Daxili Qoşunlarda xidmət edib. 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Rəşad Hüseynov Şirvan Şəhidlər xiyabanında dəfn edilib. Hərbi xidməti zamanı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)", 1-ci dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunan Rəşad Hüseynov, ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalları ilə təltif olunub. Ailəlidir, Rəşidə və Xədicə adında iki qız övladı var.

Избранный
61
4
sia.az

8Источники