"Qarabağ Universiteti nəzdində tədqiqatyönümlü xəstəxana yaradılacaq".
Bu barədə "Trend"in suallarını cavablandırarkən Xankəndidə 4 nömrəli məktəbin ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, bu il tarixi və qürurlu bir tədris ilinə başlanılıb. Bir həftə öncə Şuşa və Xocalıda məktəblər açıldı, bu gün Qarabağ Universitetində və Xankəndi şəhər 4 nömrəli məktəbdə tədrisə başlandı.
"Axşam isə Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq.
Qarabağ Universitetinin elm və təhsil sahəsində ən öndə gedən universitetlərdən olmasını planlayırıq. Bütün bu işlər çox qısa müddət ərzində mümkün oldu. Xankəndidə 500 nəfərdən artıq uşaq məktəbə gedir. Əminəm ki, gələn həftələrdə bu say artacaq. Ehtimal edirəm ki, Xankəndidə ikinci məktəbin açılışı da olacaq. Bu tədrisə başlayacaq uşaqların sayından asılıdır.
Qarabağ Universitetində tibb fakültəsinin açılması nəzərdə tutulub. Burada tədqiqatyönümlü xəstəxananın olması planlaşdırılır. Hər şey plana uyğun gedərsə, növbəti il biz tibb fakültəsinin birinci kurs tələbələrini görəcəyik", - deyə nazir əlavə edib.
Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.
"Cebheinfo.az"