RU

Türkiyənin “TRT Türkü” radiosunda Azərbaycan mədəniyyətindən bəhs edilib

Türkiyənin “TRT Türkü” radiosunda Azərbaycan mədəniyyətindən bəhs edilib

Dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrimizin tarixi çox qədimdir. Ortaq dil, tarix, mədəniyyət, adət-ənənələrin yaxınlığı bu əlaqələri şərtləndirən amillər sırasında əsas yer tutur. Qafqaz İslam Ordusu tərəfindən 1918-ci ildə Bakının erməni-daşnaklarından azad edilməsi, Çanaqqala müharibəsində minlərlə azərbaycanlının Türkiyənin istiqlaliyyəti uğrunda iştirakı və şəhid olması, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə taclandırdığı Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tariximizin ən şanlı səhifələrindəndir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının növbəti buraxılışında səsləndirib.

Hər həftənin bazar günləri yayımlanan verilişin bu buraxılışı Türkiyə-Azərbaycan münasibətlərinə həsr edilib.

Samir Abbasov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyədə səfirliyimizin nəzdində yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin əsas məqsədi qardaş ölkədə milli mədəniyyətimizin, tariximizin, dilimizin təbliği, ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi və bu istiqamətdə layihələrin həyata keçirilməsidir.

Sonra Samir Abbasov mərkəzin fəaliyyəti haqqında dinləyicilərə geniş məlumat verib.

Proqram əsnasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərləri və xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, “Azərbaycan rüzgarı"nın müəllifi və aparıcısı, həmyerlimiz, İstanbul Universitetinin doktorantı Səidə Ömərdir.

Mənbə: AZƏRTAC

Избранный
96
2
ilk.az

3Источники