RU

Əli Həsənovun qəza törədən nəvəsinə qarşı daha bir iddia – 150 minlik dava

Nərimanov Rayon Məhkəməsində baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzasında yaralananlardan biri – Türkiyə vətəndaşı Songül Tekişin iddiasına baxılıb.

Songül Tekiş 7 il olar qabiliyyətinin 80 faizini itirdiyini deyir. Nəticədə I qrup əlil olub və əlil arabasından yararlanır.

O, hazırda istifadə etdiyi sensorlu gəzdirmə cihazının keyfiyyətcə yetərsizliyi ucbatından səmərəsinin də azaldığını söyləyir. Bu üzdən, yüksək texnologiyalı, müasir cihaza ehtiyacı var, ancaq almağa maddi imkanı çatmır, axı elə cihazın qiyməti 76 min avrodan çoxdur. Onun sözlərinə görə, aparatın alınmasından ötrü Allahverdiyevin ailəsinə xəbər göndərsə də, nəticəsi olmayıb. Songül Tekiş Azərbaycanda Nail Allahverdiyevin atası Elman Allahverdiyevlə onun rəhbərlik etdiyi “Gardenia” MMC-yə qarşı məhkəmə iddiası qaldıraraq, qarşı tərəfdən cizahın dəyəri qədər – 76 min 850 avro tələb edir.

Musavat.com xəbər verir ki, 2017-ci il avqustun 3-də baş vermiş qəzada Songül Tekişlə yanaşı, yanında olan həyat yoldaşı Mutallib Tekiş də ağır xəsarət alıb. O vaxt cütlük səkidə gedərkən, idarəetməni itirən avtomobil yoldan çıxaraq, onları vurub.

Allahverdiyevlər ailəsi Tekiş cütlüyü ilə 2017-ci ildə müqavilə bağlayaraq, çəkilən tibbi xərclərə və mənəvi ziyana görə Songül Tekişə 265 min dollar ödəmək, eləcə də daha sonra yaranacaq bütün müalicə və qulluq xidmətlərini qarşılamaq öhdəliyi götürüb. Vəd olunan vəsait ödənilib.

Songül Tekiş müqavilədəki “daha sonra da yaranacaq bütün müalicə və qulluq xidmətlərini qarşılamaq öhdəliyi”nə əsaslanaraq, məhkəmədə iddia qaldırıb:

“Mən və ərim o qəzada əlil olmuşuq, 3 övladımızla başqalarının köməyinə möhtac qalmışıq. Omürlük, əlil olaraq, yaşamağa məhkumuq. Bu şəkildə yaşamaq həm mənə, həm də ailə üzvlərimə əzabdır. Amma ölə də bilmirəm, axı hüquqa zidd olduğu təlqin edilir”.

Qarşı tərəf onun iddiasına etiraz edir. Elman Allahverdiyevin nümayəndəsi bildirib ki, Tekiş ailəsinə münasibətdə öhdəliklər tam yerinə yetirilib. Onlar da 2017-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinə Nail Allahverdiyevdən şikayətçi olmadıqları, bundan sonra da ona qarşı heç bir tələbləri olmayacağı barədə ərizə təqdim ediblər.

Ancaq Songül Tekiş 2021-ci ildə 1 milyon 550 min dollar, 993 min Türkiyə lirəsi və 22 min avro pul tələbiylə onlara qarşı iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsi bu iddianın nevrotronik sensorlu gəzmə cihazının dəyəri sayılan 22 min avroluq hissəsini təmin edib.
“O qərar da icra olunub. Hazırkı iddia isə tam əsassızdır. Üstəlik, bu tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddət də ötürülüb”, – Allahverdiyevin nümayəndəsi etirazını belə əsaslandırıb.

Bugünlərdə Songül Tekişin iddiasına baxan Nərimanov Rayon Məhkəməsi onu təmin etməyib. Türkiyə vətəndaşı qərardan narazı qalıb və yuxarı instansiya məhkəməsinə şikayət vermək niyyətindədir.

Nail Allahverdiyevin törətdiyi qəza 2017-ci il avqustun 3-də baş verib. 1994-cü il doğumlu Nail Allahverdiy idarə etdiyi “Gelandewagen” markalı avtomobillə qarşısındakı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşaraq, kənar yola çıxıb və piyadalar Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub. Ardından ətrafdakı binanın fasadına çırpılaraq yanıb.

Qəza nəticəsində piyada Əsədov və avtomobildə Allahverdiyevin yanında olmuş Mehdi Əliyev ölüb. Nail Allahverdiyevin özünün də qolu sınıb.
Hadisədən sonra həbs olunan Nail Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 263.3-cü (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirli bilinib və 6 il həbs cəzası alıb. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirdəndən sonra o, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Daha sonra Ali Məhkəmə Nail Allahverdiyevə münasibətdə CM-in 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib və o, şərti cəza ilə azadlığa buraxılıb.

Nail Allahverdiyevin babası Əli Həsənov 1998-2018-cu illərdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib, 2019-cu ildə təqaüdə göndərilib.

 

Избранный
57
9
medianews.az

8Источники