RU

BMT Baş Assambleyasının ilk günü nələrlə yadda qaldı? - Qəzza, veto, demokratiya...

Dünyanın gözü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasının keçirildiyi Nyu-Yorkdadır. Müxtəlif ölkələrin liderləri, nazirlər və digər diplomatlar sessiyaya qatılır və beynəlxalq münasibətlərin aktual gündəm məsələləri ilə bağlı rəsmi mövqelərini çatdırırlar.

 

Modern.az dünya mətbuatının səhifələrində yer alan sessiyanın ilk günündə (24 sentyabr) liderlərin çıxışları zamanı səsləndirilən əsas məqamları təqdim edir.

 

BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyadakı çıxışında Qəzzadakı vəziyyətə geniş yer verib. Quterreş beynəlxalq ictimaiyyəti dərhal atəşkəs üçün hərəkətə keçməyə çağıraraq vəziyyəti "kabus" adlandırıb. Baş katib eskalasiyanın regiona yayılma təhlükəsinə eyham vurub. O vurğulayıb ki, girovlar qeyd-şərtsiz azad edilməli və iki dövlətli həllə aparan dönməz proses başlanmalıdır. Quterreş Livandakı vəziyyətə də diqqət çəkərək qeyd edib ki, Livan uçurumun astanasındadır. Quterreş Livanın "yeni Qəzza"ya çevrilmə riskindən narahatlığını bəyan edib.

 

 

ABŞ prezidenti Co Bayden də BMT Baş Assambleyasındakı çıxışında Qəzzadakı vəziyyətə diqqət yetirib. Bayden günahsız mülki insanların ölümü ilə bağlı vəziyyətin ciddiliyini ortaya qoyub. Atəşkəs əldə etmək üçün Qətər və Misirlə birlikdə çalışdıqlarını ifadə edən ABŞ lideri Qəzzada müharibənin bitməli olduğunu vurğulayıb. ABŞ prezidenti həmçinin qeyd edib ki, Livanda genişmiqyaslı müharibə heç kimin xeyrinə deyil. Bayden Ukrayna məsələsinə də toxunub, Rusiyanın işğalını pisləyib və Ukraynaya dəstəyin davam edəcəyini bildirib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında beynəlxalq ictimaiyyəti Qəzza ilə əlaqədar hərəkətə keçməyə çağırıb. BMT Təhlükəsizlik Şurasını "zülmə son qoymağa” çağıran Ərdoğan İsrailə “şərtsiz dəstək” verən ölkələri tənqid edib. Bölgədəki gərginliyin dayandırılmasının vacibliyini vurğulayan Türkiyə lideri bununla bağlı ritorik suallar ünvanlayıb.

 

Braziliya prezidenti Lula da Silva toplantıda çıxış edib. O da çıxışında Qəzza, Livan və Ukrayna məsələlərinə toxunub. Lula Livanda vəziyyətin gərginləşməsindən narahatlığını dilə gətirib. Ukrayna ilə bağlı o, sülh danışıqlarının yenidən başlamalı olduğunu vurğulayıb.

 

 

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa çıxışında həm HƏMAS-ın 7 oktyabr hücumunu pislədiklərini, həm də İsraili tənqid etdiklərini bildirib. Ramafosa beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb. O, çıxışında CAR-ın tarixindən də bəhs edib.

 

İordaniya kralı Abdullah BMT Baş Assambleyasında çıxışında Fələstin məsələsinə diqqət çəkib. Fələstinlilərin məcburi köçkünlüyünün əsla qəbuledilməz olduğunu vurğulayan Abdullah beynəlxalq ictimaiyyəti fələstinlilər üçün müdafiə mexanizmi yaratmağa çağırıb.

 

Qətər əmiri Şeyx Təmim çıxışında bölgədə baş verən proseslərə geniş yer verib. HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsini pisləyən Şeyx Təmim Qətərin vasitəçilik səylərini davam etdirəcəyini açıqlayıb. O, Livan məsələsində də İsraili tənqid edib və müharibənin böyüyəcəyindən narahatlığını dilə gətirib. Əmir Qətərin ABŞ-Venesuela məhbus mübadiləsi və ukraynalı uşaqların ailələrinə qovuşması kimi səylərini xatırladaraq, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.

 

 

Kolumbiya prezidenti Qustavo Petro BMT Baş Assambleyasındakı çıxışında təəccüblü açıqlamalar verib. Petro İsrailin baş naziri Netanyahunu sərt şəkildə tənqid edib. O da beynəlxalq ictimaiyyəti Qəzzada mülki vətəndaşlar üçün hərəkətə keçməyə çağırıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasının strukturunu tənqid edib və veto hüququndan sui-istifadə edildiyini bildirib.

 

Qvatemala prezidenti Bernardo Arevalo da çıxışında BMT Təhlükəsizlik Şurasının strukturunu tənqid edib. O bildirib ki, veto hüququna malik olan ölkələr bu səlahiyyətdən "BMT Nizamnaməsini dəfələrlə pozan dövlətlərə qarşı sərt qərarların qəbul edilməsinin qarşısını almaq üçün" istifadə edirlər. O, həmçinin Nikaraqua və Venesueladakı demokratiya problemlərini pisləyib və Haitiyə dəstək vəd edib.

Избранный
61
45
modern.az

10Источники