Özbəkistanda məktəbdə müəllimlə altıncı sinif şagirdi arasında insident Rusiya və Özbəkistan rəsmiləri arasında qarşılıqlı bəyanatlara səbəb olub. İnsident sentyabrın 23-də Daşkənddə bir məktəbdə baş verib. Rus dili sinfində qadın müəllim şagirdin qulağını dartıb, ona şillə vurub. Buna şagirdin müəllimdən niyə rusca danışmadığını soruşması səbəb olub. İnsidentin videosu internetdə sürətlə yayılıb, sosial mediada rusların kəskin reaksiyasını doğurub. Sentyabrın 25-də Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova müsahibəsində deyib ki, Rusiya insidentlə bağlı Özbəkistan tərəfdən rəsmi izahat istəyib. “Mediada yayılmış materiala hüquqi qiymət vermək üçün Özbəkistana təcili müraciət göndərilib, insident sübut olunarsa, uşağa qarşı qəddarlıq edən şəxsə qarşı tədbirlər görülməlidir”, – Zaxarova söyləyib. Özbəkistan parlamentinin sədr müavini, Milli Dirçəliş Demokratik Partiyasının lideri Alişer Qodirov sentyabrın 26-da Telegram-da yazıb ki, “Rusiya yaxşı olar, özünün problemlərlə dolu işlərini həll etsin, bizim daxili məsələlərimizə qarışmasın”. “Özbəkistanlı uşağın Özbəkistanda məktəbdə hüquqlarının pozulması ölkə qanunlarına uyğun araşdırılacaq. Heç nədən hay-küy yaratmağın mənası yoxdur”, – Qodirov yazıb. Özbəkistanın 35 milyonluq əhalisinin yalnız 2 faizə yaxını etnik ruslardır. Ancaq ölkə məktəblərində rus dili ayrıca keçilir. Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Özbəkistan və digər postsovet respublikaları ölkələrində rus dilinin tədrisinə ehtiyatla yanaşmağa başlayıblar. Moskva təcavüzünü həm də “Ukraynanın rusdilli əhalisini nasist hökumətdən qorumaq” ilə əsaslandırırdı. Ukrayna hökuməti demokratik yolla seçilib, ifrat sağçı partiyalar ora daxil deyil. Sentyabrın əvvəlində Qodirov təklif edib ki, ölkədə bütün sovet simvolları və ideologiyası yasaqlansın. Buna Səmərqənd şəhərində məhkəmənin bir yerli sakinə şərti cəza kəsməsi səbəb olub. Həmin şəxs Sovet İttifaqının bərpasına çağıran Rusiya qrupu ilə işləməkdə təqsirli bilinib. AzadlıqRadiosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта