RU

Poqosyan Konstitusiya Məhkəməsinin Qarabağla bağlı qərarını Bakının sifarişi sayır

Yayımlandı: 1 Oktyabr 2024 12:01 Konstitusiyanın həmmüəllifi: “Biz qeyri-adi bir fenomenlə və siyasi sifarişlə üz-üzəyik” Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarı ilə (tam versiya 30 sentyabrda dərc olunub) faktiki olaraq Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın hüquqi qüvvəyə malik olmadığını tanıyıb. Bu barədə sentyabrın 30-da Konstitusiya Məhkəməsinin qərarını şərh edərkən konstitusiya hüququ sahəsində ekspert, hazırkı Konstitusiyanın müəlliflərindən biri Vardan Poqosyan deyib. Bəyannamədə “Ermənistan SSR və Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yenidən birləşməsi qeyd olunur. Amma Bakı Yerevandan bu hissənin çıxarılmasını və yaxud dəyişdirilməsini tələb edir. Vardan Poqosyan Konstitusiya Məhkəməsinin Bəyannamə ilə bağlı qərarını biabırçı adlandırıb. Hüquqşünasın sözlərinə görə, Konstitusiya Məhkəməsi bununla da bəyan edir ki, 1995-ci il iyulun 13-dən başlayaraq (Ermənistan Konstitusiyasının qəbulundan sonra – red.) Bəyannamədə qeyd olunan milli məqsəd və vəzifələrin heç bir mənası və qüvvəsi yoxdur. “Biz siyasi komandanın əlavəsinə çevrilmiş Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilən qeyri-adi bir fenomenlə və siyasi sifarişlə üz-üzəyik”, – deyə Poqosyan əlavə edib. Ekspertin fikrincə, bu qərar Ermənistan Konstitusiyasında Dağlıq Qarabağın Ermənistan Respublikasına birləşdirilməsi ilə bağlı heç bir milli məqsədin nəzərdə tutulmaması deməkdir. Avqustun 29-da Ermənistanın ədliyyə naziri Qriqor Minasyan demişdi ki, Ermənistanda Konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, referendumun keçirilməsi müddəti ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib. Azərbaycanın Prezdenti İlham Əliyev başda olmaqla digər rəsmilər bu bəndi əsas gətirərək Yerevanı ərazi iddialarında ittiham edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında demişdi ki, hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır: “Rəsmi Yerevana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim ediblər, ancaq danışıqlar prosesində bəzi problemlər qalır. Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”. Münaqişənin tarixçəsi 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. 2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV

Избранный
86
xural.com

1Источники