RU

Hüququn aliliyinin təmini...

Azərbaycan bu kimi məsələlərdə heç bir zaman güzəştə getmir

Hüquq və ya hüququn aliliyi anlayışı müasir dövrdə dünya miqyasında ən çox deqradasiyaya uğrayan istiqamətlərdən sayılır. Günü-gündən artan qlobal miqyaslı kataklizmlər, beynəlxalq müstəvidə hüquq anlayışına ikili standartlarla münasibət, eyni motivli hüquq prosedurlarına fərqli baxış bu fikri təsdiqləyir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etdirdiyi işğal siyasəti bunun bariz misallarındandır - 20 faizə yaxın torpağı işğal altında olan, bir milyona yaxın vətəndaşı öz doğma yurdunda yaşamaq hüququndan məhrum edilmiş, tarixi-dini, mədəni abidələri vandalizmin qurbanına çevrilmiş, ekosistemi dağıdılmış və nəhayət, separatizmdən əziyyət çəkən Azərbaycana münasibətdə beynəlxalq aləmin davranışı heç də hüquqi standartlara söykənmədi. Xüsusilə, Qərb dünyası 30 ilə yaxın işğalçı ilə işğala məruz qalan ölkə arasında bərabərlik qoymağa çalışdı - baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən nüfuzlu qurumu işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etmişdi. Bu qətnamələrin icrasından boyun qaçıran Ermənistandan 30 ilə yaxın heç bir siyasi güc və ya dövlət bunun hesabını soruşmadı. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri isə bu qeyri-hüquqi durumu aradan qaldırdı - ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Artıq regionda həm siyasi situasiya, həm də reallıqlar dəyişib - 30 il bölgəni təhdid altında saxlayan separatizm sona çatıb. Ən əsası isə ölkəmizin hüquqi qanunlarını pozan cinayətkarlar məsuliyyətə cəlb olunublar.

Prosedur başa çatıb

Bəli, Azərbaycanın suverenliyini bərpa edilməsi ilə yanaşı, həm də illərlə regionda separatizm yayan cinayətkarlar ədalət mühakiməsi qarşısına çıxarıldılar. Xatırladaq ki, 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. Azərbaycan dövləti bu şəxslərin addımlarına hüquqi qiymət verilməsini istəyir - qanun çərçivəsində, hüquq müstəvisində onlar etdikləri cinayətlərin məsuliyyətini daşımalıdırlar. Çünki Azərbaycan hüquqi dövlətdir - bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı isə bütövlükdə sabit inkişafın əsas təməl prinsipidir. Bu mənada, bir sıra maddələrlə saxlanılan həmin şəxslərin məhkəmə prosesi də qanunvericiliyə uyğun aparılır - Azərbaycan dövləti özünün ali hüquq anlayışına hörmətini bir daha nümayiş etdirir, ən qatı cinayətkarların mühakimə edilmək və müdafiə olunmaq hüququnu tanıyır.

Yeri gəlmişkən, Azərbaycanın Baş prokuroru Kamran Əliyev həbs edilən erməni separatçıları ilə bağlı cinayət işinin istintaqının yekunlaşdığını bildirib. KİV-ə açıqlamasında Baş prokuror istintaq hərəkətlərinin aparılması üzrə prosedurların başa çatdığını deyib: “Artıq cinayət işinin materialları ilə tanışolma mərhələsidir. Bu mərhələ kifayət qədər uzun vaxt tələb edir. Çünki zərərçəkmişlər həddindən artıq çoxdur. Eyni zamanda təqsirləndirilən şəxslərin hüquqları beynəlxalq konvensiyalara və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin olunur. Onların hər birinin bir neçə vəkili var. Onların hüququ var ki, materiallarla tanış olsunlar. Çünki ittihamlar kifayət qədər ciddidir. Separatçılıqla, o cümlədən bizim tarixi-mədəni abidələrin məhvi ilə bağlı ittihamlardır”, - deyə o bildirib. K. Əliyev vurğulayıb ki, bu proseslər tamamlandıqdan sonra iş baxılması üçün məhkəməyə təqdim olunacaq.

Bu amil həm də ölkəmizin hüquqi dövlət prinsiplərinin nə qədər dərin olduğunu göstərir. Azərbaycan bu kimi məsələlərdə heç bir zaman güzəştə getmir - qanun Azərbaycan dövlətində yeganə istinad mənbəyidir. Biz hər zaman bəyan edirik ki, hüquqi yanaşmalar nəinki subyekt olaraq bəzi xalqlara və ya dövlətlərə xitabən, ümumilikdə, beynəlxalq qanunvericiliyə və prosedurlara uyğun aparılmalı, bu norma mütləq şəkildə gözlənilməlidir.

Ermənistan kütləvi məzarlıqlarla bağlı məlumatları vermir...

II Qarabağ müharibəsindəki qələbə I Qarabağ müharibəsində baş verən ədal?tsizliklərin, hüquqsuzluqların üzərinə də işıq salır - Ermənistanın I Qarabağ müharibəsi dövründə qeyri-qanuni hərəkətləri, dinc və günahsız insanlara qarşı qətliamları, müharibə cinayətləri, tarixi abidələrimizi dağıtmaları cavabsız qalmamalıdır. Azərbaycan tərəfində bununla bağlı da hüquqi proseslər başladılıb və artıq müvafiq beynəlxalq instansiyalara müraciətlər edilib.

Baş prokuror Kamran Əliyev onu da bildirib ki, Azərbaycanın Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla əlaqədar Ermənistandan təzminat tələbi ilə bağlı qaldırdığı iddialar üzrə proseslər də beynəlxalq hüquqi çərçivədə həyata keçirilir: “Burada həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bizi təzminatdan daha çox itkin düşmüş şəxslərin taleyi maraqlandırır. Bu sahədə həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının əməkdaşları ilə birgə tədbirlər həyata keçirilir. Zaman-zaman həmin itkin düşmüş şəxslərin qalıqlarının yeri müəyyən olunur, yaxınlarına təhvil verilir və adət-ənənələrə uyğun olaraq dəfn edilməsi təmin olunur. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmin kütləvi məzarlıqlarla bağlı məlumatları vermir. Ona görə də çətinliklə də olsa bu proses həyata keçirilir. Bu sahədə xeyli irəliləyiş əldə olunub”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Ərazi bütövlüyümüz bərpa olunandan sonra işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda tapılan qalıqlar eyniləşdirilib. İlk olaraq Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda, Kəlbəcərdə də belə məzarlıqlar üzə çıxarıldı. Bir müddət öncə isə Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazilər aşkarlandı.  Ümumiyyətlə, hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib.

Hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır

Beləliklə, Azərbaycanın yaratdığı hüquqi mənzərə göz önündədir - həm ölkə daxilində hüquqi prosedurların qanunauyğun səviyyədə inkişafı təmin edilir, həm də beynəlxalq müstəvidə öz hüquqlarımızı qoruyuruq. Bir sıra xarici dövlətlərlə imzalanan müvafiq müqavilələrə əsasən həmin ölkələrdə saxlanılan cinayətkarlar ölkəmizə təhvil verilir və ya Azərbaycan dövlətinə qarşı cinayətdə günahlandırılan şəxslər öz cəzasını alır. Ötən ilin yanvarında İrandakı Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi də başa çatıb - KİV-lərin yaydığı məlumata görə, bir soydaşımızın ölümü, ikisinin yaralanması ilə nəticələnən terror aktını törətmiş Yasin Hüseynzadə barəsində ölüm hökmü çıxarılıb. Bununla bağlı açıqlamasında Baş prokuror Kamran Əliyev bildirib ki, Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir. “Biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək”, - o deyib.

Azərbaycan hər zaman hüququn aliliyinə inanıb - bu dəfə də inanırıq ki, İranın müvafiq instansiyaları bu terror aktını törədən cinayətkarın layiqli cəzasını alması ilə bağlı qərarın icrasını təsdiqləyəcək.

P.SADAYOĞLU

Избранный
21
yeniazerbaycan.com

1Источники