RU

Deputat: “Ermənistandan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların verilməsini tələb edirik”

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 1 oktyabr 2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. Uzun illər işğal altında qalmış torpaqlarımız azad edildikdən sonra aşkarlanan kütləvi məzarlıqlarda aparılmış ekshumasiya işləri zamanı azərbaycanlıların meyitlərinin qalıqları üzə çıxıb. Bu işlər zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi öz təsdiqini tapıb. Aşkar olunan kütləvi məzarlıqlarda ekshumasiya işləri zamanı ermənilərin vətəndaşlarımıza qarşı necə vəhşiliklər törətdiyinin şahidi oluruq. Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə İqtisadiyyat.az-a açıqlamasında Birinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərin mənzərəsinin həddindən artıq ağır olduğunu söyləyib.

O, Ermənistanın dinc əhaliyə divan tutduğunu, tarixi-mədəni abidələrimizi dağıtdığını, vətəndaşlarımızla qeyri-insani rəftar etdiklərini xatırladıb: “Bu gün torpaqlarımız işğaldan azad edildikdən sonra bu və ya digər yerlərdə kütləvi məzarlıqlar aşkar olunur və bu zaman ermənilərin vətəndaşlarımızı əllərini və qollarını bağlayaraq və yaxud da ağır fiziki işgəncələrə məruz qoyaraq qətlə yetirdikləri məlum olur. Bununla belə hələ də çox sayda isanlarımızın taleyi məlum deyil. Ermənistan dəqiq informasiya verməkdən imtina edir. Bu isə Ermənistanın Azərbaycanla normal münasibət qurmasına şübhə yaradır”.

“Ermənistan Birinci Qarabağ müharibəsi ilə bağlı məsələlərə toxunmamağın tərəfdarıdır. Belə hesab edir ki, Azərbaycan bunu unutmalıdır və bu məsələlərdə sadəcə olaraq Ermənistanın irəli sürdüyü cəfəng fikirləri qəbul etməlidir. Amma bu, belə ola bilməz. Biz axırıncı nəfərimizə qədər insanımızın taleyi barədə Ermənistandan cavab istəyirik. Ermənistandan onların xüsusi xidmət orqanlarında və digər aidiyyəti qurumlarında itkin düşmüş azərbaycanlılarla bağlı olan məlumatların verilməsini tələb edirik. Bu, bizim haqqımızdır və biz buna mütləq nail olacağıq”, - A.Mirzəzadə bildirib.

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozaraq vətəndaşlarımıza divan tutduğunu və işğal etdiyi torpaqlarımızı xarabalığa çevirdiyini xatırladan deputat vurğulayıb ki, buna görə də Ermənistan hakimiyyəti Azərbaycandan üzr istəməlidir:

“Necə ki, vaxtilə Almaniya qonşu dövlətlərə qarşı ikinci dünya müharibəsində törətdiyi əməllərə görə üzr istədi. Necə ki, Almaniya yəhudi vətəndaşları qətlə yetirdiyinə görə yəhudi xalqından üzr istədi, Ermənistan da Azərbaycandan üzr istəməlidir. Ermənistanın hərbi-siyasi rəhbərliyi və xalqı Azərbaycandan üzr istəməlidir. Çünki Azərbaycan və Ermənistan bu regiondadırlar, həmişə də yanaşı və qonşu kimi yaşayacaqlar. Yaxşı qonşuluq münasibətləri ilk növbədə səmimiyyət tələb edir. Çox təəssüf ki, bu səmimiyyəti hələ biz axıracan görə bilmirik”.

 

Sadiq Cavadov

Избранный
35
iqtisadiyyat.az

1Источники