RU

Bakıda yerləşən məktəblə bağlı İDDİA

Bakı şəhərində yerləşən 3 saylı xüsusi təhsil məktəbi - buraya "xüsusi" statusu boşuna verilməyib. Məktəbdə fiziki məhdudiyyətli uşaqlar təhsil alırlar. Üstəlik, məktəbə gedə bilməyən, evdə təhsil alan fiziki məhdudiyyətli uşaqlara da bu təhsil müəssisəsi tərəfindən müəllimlər təhkim olunur. Yəni məktəbin missiyası olduqca stratejidir: fiziki məhdudiyyətli uşaqların yüksək səviyyədə təhsil alması və onların gələcəkdə cəmiyyətə adaptasiya olunması. Dövlət də bunun üçün kifayət qədər vəsait ayırır. Amma bu vəsait təyinatı üzrə xərclənirmi?

Publika.az-ın məlumatına görə, məktəbin direktoru Nüşabə Məmmədova "xüsusi məktəbi" "xüsusi bazar"a çevirib. Bu təhsil müəssisəsində fiziki məhdudiyyətli uşaqlar sözün əsl mənasında direktor tərəfindən satılır.

Məktəbdə müəllimlərə dərslər rüşvətlə verilir.

Ev şəraitində təhsil alan uşaqlar isə müəllimlərə satılır. Belə ki, direktor hansı müəllimə ev təhsili verirsə, 2-3 ayın pulunu alır.

Daha bir tükürpədici məqam odur ki, direktor bəzi valideynlərlə əlbir olaraq, uşaqlar üçün müəllim ayırmır. Daha doğrusu ayırır, amma o müəllim uşağa dərs demir. Direktor valideynlərə müəyyən məbləğ verir və onlar müəllimin evə gəlib dərs deməməsi ilə razılaşırlar. Bu dərslər isə ayrı-ayrı müəllimlərin adına yazılır və təbii ki, məvacib də onların maaş kartına köçürülür.

Bundan sonra həmin müəllimlər o vəsaiti direktora çatdırırlar.

Ötən tədris ilində direktorun bu hərəkətinə etiraz edən müəllimlər olub. Onlar maaş kartlarına əlavə vəsaitin yüklənməsini istəməyiblər. Nüşabə Məmmədova yeni tədris ilində etirazçılardan qurtulmaq üçün onlara dərs verməyib. Hərəsinə bir bəhanə gətirərək, məktəbdən uzaqlaşdırıb. Bir sözlə, fiziki məhdudiyyətli uşaqların gələcək taleyi direktorun bazarlığına qurban verilir.

3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Məmmədova məsələ ilə bağlı bildirib ki, şikayət edənlər yəqin ki, bağlanan - yəni 219 nömrəli məktəbin müəllimləridir:

"Həmin məktəbin müəllimləri keçən il bizdə əvəzçi müəllim kimi işləyirdilər. Bu il onların uşaqları getdilər, təzə uşaqlar da bizdə olmadığına görə, biz onları yenidən işlə təmin edə bilmədik. Yəqin ki, onlardır şikayət edənlər. Mən öz müəllimimi təmin etməmiş onları necə işə götürə bilərəm?

Mən bilmirəm ki, bu, yüz faiz onların işidir. Hər kimdirsə, bizə şər atmağa çalışır. Mən də yüz söz deyə bilərəm. Bəli, elə valideynlər var ki, müəllimdən pul tələb edir. Deyir mənim övladıma təhsil vermək üçün bizə gəlmə, əvəzində isə mənə filan qədər pul ver. Həmin müəllimlər gəlib deyir ki, mən bir də o qapıya getmək istəmirəm. Bizə valideynlər deyir ki, sizə 500-1000 manat pul verilir. O pulu bizə verin və bizim qapıya gəlməyin. Birincisi, biz o qədər pul almırıq, ikincisi də mənim o pula ehtiyacım var ki, gedib dərs deyirəm. Mən neçə dəfə həmin valideynləri çağırıb danlamışam. Demişəm ki, tutaq ki, hansısa bir müəllim sizinlə razılaşdı. Sizdə pulunuzu alıb qoydunuz cibinizə. Bəs sizin uşaqlarınızın gələcəyi? Onları heç fikirləşmirsiniz, heç öz övladınıza yazığınz gəlmir? Həmin uşaqlar bir yerdə azıb qalanda heç nə oxuya bilməyəcəklər ki, ən azından gəlib evlərini tapa bilsinlər".

Direktor valideynlərlə özünün "bazarlıq" etməsi ittihamını qəbul etməyib:

"Hər kəs ayrılan pulunu özü alır. Gəlin belə danışaq. Tutaq ki, sizə pul ayrılıb və siz də gedib dərsinizi keçmisiniz. Siz həmin pulu gətirib mənə verərsiniz? Əlbəttə yox. İnanın ki, belə bir söhbəti mən ilk dəfə sizdən eşidirəm. Necə yəni müəllim dərsini keçməsin və buna görə pulunu gətirib mənə versin? Əgər hər hansı bir valideyn göndərdiyimiz müəllimdən imtina edirsə, həmin müəllimi çağırıb onu məlumatlandırıram və bildirirəm ki, get, başqa uşaq olanda gələrsən. Əvəzində həmin evə başqa müəllim yönləndirirəm. Müəllim də gedib dərsini deyirsə, o niyə gətirib pulunu mənə verməlidir?"

Direktorun da açıqlamasından görünür ki, bu məsəldə "bazarlıq" var. Amma Nüşabə xanım bu işdə günahı valideynlərin üzərinə atdı.

Mənbə: oxu.az

Избранный
68
10
oxu.az

10Источники