RU

Dövlət qurumlarının internet resursları necə işləyir?



Elm və texnologiyanın, informasiya kommunikasiya sistemlərinin inkişafı bizləri də günümüzün tələblərinə uyğunlaşmağa, müasir dövrlə ayaqlaşmağa vadar edir. Bu gün elm, texnologiya, İKT demək olar ki, həyatımızın bütün sahələrinə ehtiva, sirayət edib. Dünənə qədər bir məlumatı dostumuza, qohumumuza çatdırmaq üçün məktubdan istifadə edir, aylarla ona cavab gəlməsini gözləyirdiksə, bu gün dünyanın bir ucundan digər ucuna bir neçə saniyəyə istək və arzularımızı çatdıra, ona cavab ala bilirik.

Artıq müasir dövrümüz texnologiya, İKT cəhətdən o dərəcədə inkişaf edib ki, son illərin yeni leksikomu olan Elektron Hökumət anlayışı da dilimizə gəlib. Artıq ölkədə fəaliyyət göstərən dövlət qurumları, nazirlik və komitələr bu sistemi öz fəaliyyətlərində tətbiq edirlər. Ancaq hər bir sahədə olduğu kimi qeyd etdiyimiz sahədə də problemlər olmamış deyil. Belə ki, əksər nazirlik və komitələr öz internet resurslarını, saytlarını normal qaydada işlədə, yaxud onu tənzimləyə bilmirlər. Həmin qurumların saytlarında axtarış sistemində lazım olan məlumatları tapmaq müşkülə çevrilir.

[/center]
Belə olan halda ortaya maraqlı bir sual çıxır. Əgər hansısa nazirlik və komitə ictimaiyyət üçün açıq olan internet resursunu, saytını idarə edə bilmir, onu müntəzəm olaraq yeniləyib təkmilləşdirmirsə, o zaman hansı Elektron Hökumətdən danışa bilərik? Hə, haqlı tənqid hədəfimizə tuş gələn dövlət qurumları bizə də irad tuta bilərlər ki, sizin öz internet resursunuz, saytınız o qədər qüsursuzdur? Biz demirik ki, bizim saytımızda hər şey idealdır. Belə bir iddiamız da yoxdur. Çünki fəaliyyət göstərdiyimiz illər ərzində dövlətdən 1 qəpik belə dəstək almamışıq. Bu günə qədər nə etmişiksə, öz gücümüzə, daxili imkanlarımız hesabına etmişik. Ancaq sizlər hər ay demək olar ki, yararsız olan saytlarınızın saxlanmasına milyonlarla pul “xərcləyirsiniz”. Yəni, milyonları silirsiniz. Ona görə də problemlər saysız-hesabsızdır.

Biz də saytlarının saxlanması üçün hər ay kifayət qədər vəsait silinən, lakin ortada heç bir fəaliyyəti olmayan nazirlik və komitələrin internet resursları üzrə qısa bir araşdırma apardıq. Başlayaq əhaliyə ən müasir texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya xidmətləri göstərən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən. Etiraf edək ki, 3 dildə fəaliyyət göstərən nazirliyin internet resursunda elə də ciddi problem yoxdur. Yalnız xırda istisnalar nəzərə alınmasa. Düzdür, saytda xəbərlər müntəzəm olaraq yenilənir, cəmiyyət nazirliyin fəaliyyəti ilə davamlı olaraq məlumatlandırılır. Həm də 3 dildə, Azərbaycan, ingilis və rus dillərində. Lakin saytın ingilis dili versiyasında müəyyən problemlər mövcuddur. Belə ki, bölmədə nazirlik kollektivinin 27 sentyabrda, Anım Günündə Zəfər Parkını ziyarət etməsi ilə bağlı xəbər, saytın ingilis dili versiyasında açılmır.

O qədər də ciddi bir problem sayılmasa da, hər halda qeyd etdiyimiz məsələ sözügedən nazirlik üçün müsbət hal deyil. Nazirliyin sosial şəbəkə hesabları işləkdir, müntəzəm olaraq xəbər və məlumatlar yenilənir. Həmçinin, saytdakı ayrı-ayrı bölmələr üzrə məlumatlar da operativ və çevik şəkildə internet resursunda öz əksini tapır. Arzu edərdik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkə vətəndaşlarının keyfiyyətli internetlə təmin olunmasında da bu qədər məsuliyyətli və çevik olardı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) barədə isə eyni müsbət fikirləri söyləyə bilmərik. Hər halda sözügedən qurumun internet resursunda apardığımız müşahidə belə qənaətə gəlməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb. Əvvəla onu qeyd edək ki, qurumun ayna.gov.az saytının yalnız Azərbaycan versiyası mövcuddur. Saytdan məlum olur ki, Agentliyin digər sosial şəbəkə hesabları da yoxdur.

AYNA hesabatlılıq prinsipinə də əməl etmir deyə bilərik. Baxmayaraq ki, qurum 2021-ci il, oktyabrın 11-də yaradılıb, lakin bu günə qədər fəaliyyəti barədə hesabatı saytında dərc etməyib. Agentliyin ən son hesabatı "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin adından elə 2021-ci ildə sayta yerləşdirilib. Deyəsən ötən 3 il ərzində qurum fəaliyyəti barədə hesabat verməyə lüzum görməyib. Saytın fəaliyyət istiqamətlərində beynəlxalq əməkdaşlıq bölümü öz əksini tapsa da, lakin AYNA-nın beynəlxalq əməkdaşlığından heç bir məlumat əldə etmək mümkün olmur. Baxmayaraq ki, elə həmin fəaliyyət istiqamətində “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək” cümləsi yer alır. Lakin qeyd etdiyimiz kimi Agentliyin rəsmi saytında beynəlxalq əməkdaşlıq barədə hər hansı bir məlumat almaq mümkün deyil. Görünür 3 ilə yaxın müddətdə AYNA ya beynəlxalq əməkdaşlıq qura bilməyib, ya da ümumiyyətlə buna cəhd göstərməyib. Yaxud, qurubsa da, bunu cəmiyyətə açıqlamağa nədənsə lüzum görmür.

Ardı var

Süleyman

Избранный
36
50
newscenter.az

10Источники