RU

Qərbi azərbaycanlıların faciəsini, böyük irsini göstərən MEMORİAL – FOTO

“Aşıq Ələsgərin heykəli haqqında deyiləcək əsas söz onun ictimai əhəmiyyət kəsb etməsidir. Qərbi Azərbaycandan qovulmuş əhalinin faciəsini, eyni zamanda böyük irsini göstərən memorialdır. Milli kimliyi mübahisə doğuracaq abidələrdən daha çox, Ələsgər, İrəvan teatrı, Mirzə Qədim İrəvani azərbaycanlıların mədəni irsini sübut edən danılmaz gerçəklikdir”.

Medianews.az xəbər verir ki, bu barədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist Elçin Əlibəyli bildirib.

O qeyd edib ki, bədii yaradıcılıqda intellekt və emosiya əsas komponentdir: “İndiki dildə ifadə etsək İQ və EQ. Bəzən yaradıcılıq yalnız intellektə söykənir və emosionallığı qırağa qoyur. Onda fikir, intellekt yaradıcılığı üzə çıxır. Məsələn, Nizami Gəncəvi. Bir çox hallarda yaradıcılıqda emosiyanın partlayışı baş verir və bundan çox fərqli nümunələr yaranır. Bəzən buna çılpaq istedad da deyirik. Əlbəttə ən üstünü hər ikisini yaradıcı prosesdə birləşdirmək gücüdür ki, bu da hər yaradıcı şəxsin bacardığı iş deyil. Ələsgər dini və ictimai görüşlərini bədii ifadə vasitələrinə gətirəndə, onun anlaşılan olması, yadda qalması üçün emosiyalılığı daha artıq vermiş, daha sadə, üzdə olan alətlərlə bir çox hallarda ağır fikir yükü daşıyan məqamları çatdırmışdır. Ona görə Ələsgər daha əlçatan, yaddaqalan idi. Elə ucaldılan heykəl də Ələsgərin bu emosional yaşantısını, yaradıcılığında ifadə olunan tərzdə təqdim edir”.

Fəlsəfə doktorunun sözlərinə görə, heç bir şifahi təsvirdə Ələsgərin ağıryana olduğuna rast gəlinmir, əksinə onun emosional rəftarı, çılğınlığı dillərdə dolaşır: “Elə heykəl də Ələsgərin yaradıcılığından doğan hisslərin ifadəsi kimi nəzərə çarpır. O bir yerdə durub, düşünən, dərin fikirlərə qərq olub, fikir ardınca gedən yox, aşıq-ozan rəftarına uyğun, duyğulu, dalğın və bəzən də xəyalların yaratdığı ziddiyyətlər içində qarışıq durumda görünür və elə də görünməlidir. Heykəlin müəllifi obrazın səciyyəvi xüsusiyyətlərini tamlıqla təqdim edə bilir, eyni zamanda öz təxəyyülünü işə salaraq əslində bir qədər də müstəqil obraz yaratmışdır. Heykəl heç də şərəfinə ucaldılan insanın dəqiq oxşarı, yəni bütü olmamalıdır”.

E.Əlibəyli vurğulayıb ki, heykəltəraşlıq incəsənət növü kimi özünün ifadə vasitələri ilə yeni obraz yaratmaq üçün mövcuddur: “Əgər kiməsə kopya lazımdırsa, 3D ilə müasir aşıqların psevdo ağıllı duruşu obrazını print edə bilər. Heykəl isə adını daşıdığı adamdan fərqlənən obraz təcəssümüdür. Dönəmin heykəl yaradıcılığı müasirlik axtarışları, tendensiyalardan uzaqda qalmamalı, eyni zamanda məkanın ümumi ansamblını ruhuna uyuşmağa çalışmalıdır. Bakı həm də renessans şəhəridir. Burada üslublar, tendensiyalar qarışıq şəkildə, bir-biri ilə dinc qonşuluqda yaşayır. Ucaldılan heykəl də yerləşdiyi məkanın landşaft-ansambl simasını tamamlayır və Aşıq Ələsgərin yaradıcılığının obrazlı ifadəsi baxımdan uğurlu iş hesab oluna bilər. Ələsgərin məşhur misralarının Günəşin işığına görə gah görünməsi, gah gizlənməsi həm onun yaradıcılığının parlaq, nurlu, həm də bir qədər pünhan, sirli olduğunu ifadə edən güclü tapıntı kimi qeyd olunmalıdır”.

Alpər TURAN

Избранный
14
medianews.az

1Источники