RU

Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Cari ilin 30 sentyabr tarixi Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı, ölkə Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı ilə əlamətdar oldu. 

Aşıq Ələsgər sənətinə hörmətin nəticəsi olaraq, hələ 3 il əvvəl onun adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev iki Sərəncam imzalamışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi.İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.Və bu gün şəhərimizin gözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.

Bildiyimiz kimi böyük el sənətkarı Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Prezident İlham Əliyevin bildirdiyi kimi görkəmli hətta şəxs də ermənilərin etnik təmizləməsinə məruz qalmışdır. 1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. Onda şairin 97 yaşı  var idi. İki ilə qədər Kəlbəcərdə qalmışdır. 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır.

Prezident İlham Əliyev  görkəmli el sənətkarı  Aşıq Ələsgərin abidəsinin açılışında çıxış etdi və bu çıxış müəyyən mesajlarla yadda qaldı. Belə ki, o şairə göstərilən diqqətdən  bəhs etdi: “1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi”.  Beləliklə , ermənilərin bu vəhşiliyinə ölkəmizin Qarabağı azad etməsindən sonra erməni vandallarının tariximizə, mədəniyyətimizə, dəyərli irsimizə vurduğu zərbənin bir daha şahidləri olmuş olduq.

Ən əsas məqamlardan biri də Prezidentin Qərbi Azərbaycanla bağlı mesajları idi: “Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar ”. Ölkə rəhbərinin haqlı olaraq əminliklə danışmağı, öz ata-baba yurdlarından məhrum olmuş Qərbi Azərbaycan camaatında böyük inam, sevinc yaratmış oldu. Bu bir daha bizim haqq yolunda olmağımızın bariz göstəricisi idi. Necə ki, dövlət başçısı hər zaman bir gün Qarabağa qayıdacağıq deyirdi və verdiyi sözü tutdu. Bu gün Qarabağda haqlı savaşımızdan sonra torpaqlarımız azad, ölkəmiz suverendir. Ən əsası odur ki, bu günlərdə artıq Qarabağa həyat, dirçəliş qayıdıb. Qarabağdan köçkün düşmüş insanlar öz yurdlarına geri qayıdırlar və bu proses mərhələli olaraq davam edir. Prezidentin mesajları əsasında deyə bilərik ki, tezliklə bunu Qərbi Azərbaycandan qovulmuş sakinlər də yaşayacaq, onlar da öz doğma yurdlarına geri qayıdacaq.

“Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, – mən bunu bilirəm, – Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir”. Qərbi Azərbaycana qayıdışla bağlı ölkə başçısının dedikləri təkcə daxili auditoriya üçün, Qərbi Azərbaycandan olan insanlar üçün deyildi, eyni zamanda, Ermənistana və beynəlxalq aləmə mesaj idi. Düşünürəm ki, Ermənistan  və onun havadarları bu mesajı almış oldu. Bunun özü Qərbi Azərbaycanla bağlı beynəlxalq müstəvidə işlərin aparıldığının göstəricisidir.

Избранный
11
2
yeniazerbaycan.com

7Источники