RU

Cəbrayılda ilk "Şəhər günü" keçirildi

Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür. Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Bununla da Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri olub. Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub torpaqlarımızı azad edib.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Oktyabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində bayram tədbiri keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurda qovuşmuş bir qrup Cəbrayıl sakini və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçları şəhərin yenidən qurulan mərkəzi meydanında bir neçə hissədən ibarət sərgi ilə tanış olublar. Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə hazırlanan "Zamanın qanadlarında. Cəbrayıl" adlı fotosərgidə Cəbrayılın fotoarxivdə qorunan təsvirləri ilə yanaşı, müasir mühiti, dirçələn həyatı əks olunub. "Yurdum. Cəbrayıl" adlı rəngkarlıq sərgisində Cəbrayıla ezam olunan rəssamların, həmçinin yerli rəssamların yaratdığı əsərlər nümayiş yer alıb. Burada Cəbrayılın mənzərələri, abidələri müəllif həllində verilib. Cəbrayıl xalça məktəbinin nümunələrindən ibarət sərgidə Milli Xalça Muzeyinin daimi kolleksiyasından ənənəvi üsulla toxunan xalçalar və xalça məmulatları təqdim olunur. Burada Cəbrayılın ənənəvi "Qasımuşağı", "Qaraqoyunlu", "Bəhmənli" və s. xalçaları nümayiş etdirilir. "İrsimiz. Ruhumuz. Xudafərin" adlı sərgi xüsusilə maraq doğurur. Cəbrayılın rəmzi olan Xudafərin körpüləri əsrlər boyu Arazın iki sahilini birləşdirən mühüm ticari, iqtisadi əhəmiyyətə malik abidədir. Körpülər Orta əsr Azərbaycan memarlığının mühüm elementlərini əks etdirir.

Sərgi boyu 11 aşırımlı Xudafərin körpüsünün kiçik modeli rəssamlar tərəfindən işlənir. Körpünün qədim tarixinin əks olunması ilə yanaşı, burada iştirakçı rəssamların özünəməxsus üslubu və tərzi də nümayiş olunur. 11 aşırım modelini qırmızı xətt qismində birləşdirən ümumi motiv Azərbaycan kəlağayısıdır. Bu seqment milli irsimizin incə nümunəsini göstərməklə bərabər, tarixi İpək Yolunun inkişafında Xudafərin körpülərinin əhəmiyyətini də vurğulayır.

Eyni zamanda sərgi məkanında qurulmuş xüsusi guşədə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin katibi şair-dramaturq İlqar Fəhminin ssenari müəllifi olduğu kompozisiyada, əsasən, Cəbrayıl rayonundan olan yazarların əsərlərindən istifadə edilib. Sərgilərlə tanışlıqdan sonra geniş konsert proqramı təqdim olunub. Aparıcılar Vətən müharibəsi haqqında məlumat verib, 44 gündə qazanılan şanlı Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Sonra söz musiqiyə verilib.

Избранный
1
6
publika.az

7Источники